
Bu ilin ilk 4 ayında Azərbaycana xarici ölkələrdən daxili yanma mühərrikli (dizel və ya yarımdizel) 93 avtobus idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bu avtobusların ümumi dəyəri 8 milyon 125,98 min dollar təşkil edib.
Bir ədəd dizel və ya yarımdizel ilə işləyən avtobusun orta gömrük dəyəri təxminən 87,4 min dollar olub.
Ən çox belə avtobus Çindən gətirilib – 81 ədəd. Sonrakı yerlərdə İtaliya (5 ədəd), Almaniya (4 ədəd) və Türkiyə (3 ədəd) qərarlaşıb.
Bir ədəd dizel və ya yarımdizel avtobuslar Çindən 88,4 min, İtaliyadan 60,2 min, Almaniyadan 94,9 min, Türkiyədən isə 95,5 min dollara alınıb.
Bundan başqa, bu ilin ilk 4 ayında Azərbaycana elektrik mühərriki ilə hərəkətə gətirilən 152 avtobus da idxal olunub. Bu avtobusların ümumi dəyəri 38 milyon 904,62 min dollar təşkil edib. Bir elektrik avtobusunun orta gömrük dəyəri 255,9 min dollar olub. Elektrik avtobuslarının hamısı Çindən gətirilib.
Eyni dövrdə Azərbaycana qığılcımdan alışan porşenli daxili yanma mühərrikli (benzin və ya LPG) 60 avtobus da idxal edilib. Bu avtobusların ümumi dəyəri 6 milyon 623,1 min dollar olub. Bir avtobusun orta gömrük dəyəri isə 110,4 min dollar təşkil edib.
Bu kateqoriya üzrə ən çox idxal Çindən həyata keçirilib – 58 ədəd. Rusiyadan isə 2 avtobus gətirilib.
Qığılcımdan alışan porşenli daxili yanma mühərrikli avtobusların bir ədədi Çindən 111,9 min dollar, Rusiyadan isə 15,2 min dollar alınıb.
Açıqlanan məlumatlardan göründüyü kimi, bu ilin ilk 4 ayında Azərbaycana ümumilikdə 305 avtobus idxal olunub və onların ümumi dəyəri 53 milyon 653,7 min dollar təşkil edib. İdxal edilən avtobusların yarıdan çoxunu elektrik avtobusları təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz