
İngiltərənin mərkəzində yerləşən Bedford şəhəri yaxınlığında iki qatar toqquşub.
Yeniavaz.com xəbər verir ki, “The Daily Telegraph” qəzetinin məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar var.
Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 17:15-də (Bakı vaxtı ilə saat 20:15) baş verib. Hər iki qatar London Sent Pankras Beynəlxalq stansiyasına gedirdi. Biri Nottinqemdən, digəri isə Korbidən yola düşüb. İlkin məlumatlara görə, birinci qatar təhlükəsizlik sistemindəki nasazlıq səbəbindən dayanıb, daha sonra ikinci qatar onun arxasına çırpılıb. Qəza Bedford Beynəlxalq Stansiyasından təxminən 4 km cənubda baş verib. Ərazidə qatar xidmətləri dayandırılıb.
Qəzetin məlumatına görə, bir neçə nəfər ağır yaralanıb. Hadisə yerində beş təcili yardım helikopteri və 30-dan çox təcili yardım maşını müşahidə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz