"Bankların dollar alverinə girişməsi perspektiv planda onlara yaxşı heç nə vəd etmir"

Son günlər manatın dəyərdən düşməsinin davam etməsi və bu müstəvidə də bankların dollar alverindən daha çox gəlir götürmə cəhdləri diqqəti cəlb etməkdədir. Bəs bankların iş adamlarına və müxtəlif peşə sahiblərinə kredit vermək və bundan daha çox gəlir götürmək əvəzinə dollar alış-satışına üstünlük vermələri nə ilə əlaqədardır? Bunula əlaqədar "Yeniavaz.com"un sualına cavabında ekspert Natiq Ələkbərli qeyd etdi ki, manatın dəyərdən düşməkdə davam etməsi bankları vəziyyətdən çıxış yolu axtarmağa məcbur etməkdədir. Natiq Ələkbərli: "Bankların dollarla verdikləri kreditlərlə bağlı problemləri davam edir. Üstəlik problemli kreditlərin həcmi artmaqdadır və onun necə həll ediləcəyi məlum deyil. Belə bir vəziyyətdə təbii ki, banklar əvvəlki kimi kredit verməyə risq etmək istəmirlər. Buna paralel olaraq müştərilər kreditləri manatla götürmək istəyirlər. Manatın ucuzlaşmaqda davam etdiyi bir vaxtda milli valyuta ilə kreditlər verilməsi isə əksər banklar üçün sərfəli deyil. Ona görə də bir çox banklar üçün hazırda dollar alış-verişi daha cəlbedici görünür. Amma belə hesab edirəm ki, bankların dollar alverinə girişməsi perspektiv planda onlara yaxşı heç nə vəd etmir. Çünki banklar bu günə kimi əsasən kreditlər verilməsindən və əllərində olan vəsaitləri perspektivli hesab edilən müxtəlif sahələrə yönəltməklə daha çox gəlir əldə ediblər. Zənnimcə belə bir vəziyyət manatın dəyərinin dollara münasibətdə sabitləşməsinə kimi davam edəcək",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top