
Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində son günlər yaşanan böhran yeni partiya məsələsini yenidən gündəmə gətirib.
Yeniavaz.com xəbər verir ki, partiya daxilində baş verən istefalar və artan fikir ayrılıqları ciddi parçalanma riskini gücləndirir.
Xatırladaq ki, bir müddət əvvəl Özgür Özəlin komandasından Partiya Məclisinin 28 üzvü CHP Partiya Məclisindən istefa verib.
Digər tərəfdən, siyasi dairələrdə qurultay prosesi uğursuz olarsa və ya məhkəmə prosesi uzanarsa, Özgür Özələ dəstək verən millət vəkilləri, vilayət və rayon rəhbərləri, eləcə də bəzi bələdiyyə sədrlərinin yeni siyasi qurum yaratmaq təşəbbüsü göstərə biləcəyi bildirilir.
Bununla belə, Özgür Özəl “Hürriyet” qəzetinə açıqlamasında bildirib ki, partiyanın fəaliyyəti bloklanarsa və ya seçki prosesində iştirak imkanları məhdudlaşdırılarsa, alternativ siyasi model üzərində düşünmək qaçılmaz ola bilər.
Bəs Özgür Özəl yeni partiya yaradarsa, bu nə dərəcədə uğurlu ola bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Özgür Özəl reytinqi yüksək olduğu müddətdə yeni partiya quraraq siyasi gücünü artıra bilər:
“Özgür Özəlin artıq yeni partiya yaratmaqdan başqa alternativi qalmayıb. Çünki CHP faktiki olaraq iki yerə bölünüb. İstefalar artır, partiya üzvləri arasındakı fikir ayrılıqları getdikcə dərinləşir. Bu vəziyyətdən çıxış yolu kimi Özgür Özəlin yeni partiya qurmaq fikri güclənə bilər. Həm də ona görə ki, onun reytinqi hələ yüksəkdir. Reytinq yüksək olduqca yeni partiya quraraq gücünü artıra bilər. Vaxtilə Rəcəb Tayyib Ərdoğan da tərəfdarları ilə Rifah Partiyasından ayrılaraq Ədalət və İnkişaf Partiyasını (AKP) qurdu və qısa müddətdə seçkilərdə qələbə qazandı. Özgür Özəl də eyni strategiyadan istifadə edə bilər”.
Qeyd edək ki, məhkəmə CHP-nin 4–5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz