
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail qoşunlarının Livanın cənubundan geri çəkilmək niyyətində olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Məlumata görə, o, bu səhər İsrail müdafiə naziri İsrael Kats və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirlə Livana gecə hücumlarından sonrakı mövcud vəziyyəti qiymətləndirmək üçün görüş keçirdiyini bildirib.
“Mənim əmrim çox aydındır: İsrail əsgərlərimizə və ya ərazimizə edilən hücumlara dözməyəcək və biz “Hizbullah”ı bu hücumlara görə çox ağır bədəl ödəməyə məcbur edəcəyik. İsrail Müdafiə Qüvvələri qüvvələrimizə və ərazimizə qarşı hər hansı bir təhdidin qarşısını almaq üçün tədbirlər görəcək”, - deyə Netanyahu bildirib.
Baş nazir əlavə edib ki, İsrail ölkənin şimal yaşayış məntəqələrini qorumaq üçün lazım olduğu qədər cənubi Livandakı təhlükəsizlik zonasında qalacaq.
Netanyahu bildirib ki, bu gecə və səhər tezdən Livana edilən hücumlar Livanın cənubunda İsrail tank heyətlərinə edilən hücuma cavab olub. Bu hücumlarda İsrail ordusu Livanın şərq hissəsindəki Bekaa vadisindəki komanda məntəqələri də daxil olmaqla, “Hizbullah”ın 80-dən çox hədəfini vurub.
Onun sözlərinə görə, bu hücumda polkovnik rütbəli batalyon komandiri də daxil olmaqla dörd İsrail hərbçisi həlak olub.
İsrail hökumətinin başçısı qeyd edib ki, “Hizbullah”ın atəşkəsi kobud şəkildə pozaraq, etdiyi bu dəhşətli hücumundan sonra dünən gecə İsrail Müdafiə Qüvvələrinə “Hizbullah”a güclü zərbə endirməyi əmr edib.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ və İran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasına çağıran anlaşma memorandumu imzalayıblar. Ancaq İsrail memorandum üzrə danışıqlarda iştirak etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz