
Məktəbli formalarının nə şagirdlərin davranışına, nə də ümumi davamiyyətə nəzərəçarpacaq təsiri olmadığı müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Tədqiqat uşaq bağçasından 5-ci sinfə qədər olan 6 mindən çox şagird üzərində aparılıb və müəllimlərin qiymətləndirmələri əsasında onların davranış göstəriciləri, sosial bacarıqları və dərsdən yayınma halları analiz edilib.
Tədqiqat nəticələri göstərir ki, forma tələb edilən və edilməyən məktəblər arasında aqressiya, sosial bacarıqlar və dərsə davamiyyət baxımından ciddi fərq yoxdur.
Tədqiqatçılar bildirirlər ki, formanın əsas üstünlükləri kimi təqdim olunan “nizam-intizamı artırır” və “zorakılığı azaldır” kimi fikirlər elmi nəticələrlə təsdiqini tapmayıb.
Eyni zamanda məlum olub ki, məktəbli forması geyinən şagirdlər özlərini məktəbə daha az aid hiss etdiklərini bildiriblər. Tədqiqatçılar bunu fərdi ifadə azadlığının məhdudlaşdırılması ilə izah edirlər.
Araşdırma müəllifləri bildiriblər ki, məktəbli formalarının geniş şəkildə tətbiq edilməsinə baxmayaraq, onların şagird davranışını yaxşılaşdıran əsas vasitə kimi qiymətləndirilməsi elmi nəticələrlə üst-üstə düşmür və gözləntiləri doğrultmur.
Tətbiqimizi yükləyə bilərsiniz