
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İş Mərkəzi ofis sahəsinin icarə xidmətlərinin satın alınması ilə bağlı müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
DOST İş Mərkəzi ofis sahəsini 2 il müddətində Əşrəf Səxavət oğlu Səfərovdan (VÖEN – 2004596032) icarəyə götürəcək və icarə haqqı olaraq 1 milyon 320 min manat ödəyəcək.
Qeyd edək ki, Əşrəf Səfərov 2 il əvvəl – 2024-cü ildə də DOST İş Mərkəzinə 2 il müddətinə ofis sahəsi icarəyə verib. 2 750 kv. metr ofis sahəsi üçün DOST İş Mərkəzi Əşrəf Səfərova 2024-cü ildə 853 min 710 manat ödəyib.
Bundan başqa 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də Əşrəf Səfərova məxsus 3 932 kv. metr qeyri-yaşayış sahəsini 34 ay müddətinə icarəyə götürüb və icrə haqqı olaraq 2 milyon 752 min 453 manat ödəyib.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Əşrəf Səfərov 2014-cü ildən ölkənin aparıcı şirkətlərindən olan “KİA Motors Az” MMC-nin də qanuni təmsilçisi olub. 2024-cü ilin iyul ayında Əşrəf Səfərov “KİA Motors Az” MMC-nin direktoru vəzifəsindən ayrılıb və onun yerinə qardaşı Səfərov Faiq Səxavət oğlu təyin olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz