
“Supermen” filminin aktyoru Pol Eyveri və həyat yoldaşı Şeyla Eyveri Nyu-Cersi ştatının Bleystaun şəhərindəki evlərində faciəli şəkildə həlak olublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, gecəyarısı onların evində yanğın baş verib. Qonşular alovu görüb yanğınsöndürənləri çağırıblar. Lakin onlar gələnə qədər alov binanın böyük hissəsini bürüyüb.
Yanğınsöndürənlər zərərçəkənləri yanan evdən çıxara bilsələr də, həkimlər onları xilas edə bilməyiblər.
Yanğının səbəbi hələ də araşdırılır.
Pol və Şeylanın üç övladı qalıb: qızları Parker və Kayl, eləcə də oğlu Pol.
Qeyd edək ki, Pol Eyveri daha əvvəl jurnalist kimi fəaliyyət göstərib. Aktyorluq karyerasına isə Kristofer Riv, Cin Hekman və Marqo Kidderin rol aldığı “Supermen” (1978) filmində epizodik teleoperator rolu ilə başlayıb. Lakin o, daha çox 1981-ci ildən 1993-cü ilə qədər rol aldığı “All My Children” serialında Hyui rolu ilə yadda qalıb.
Aktyorluq karyerasını bitirdikdən sonra Pol Eyveri yerli “Ridge View Echo” qəzetini təsis edib. Ömrünün sonuna qədər qəzetdə redaktor və idarə heyətinin sədri vəzifələrini icra edib.
Tətbiqimizi yükləyə bilərsiniz