
İranlı müğənni Parasta Əhmədi və onun prodüser qrupunun səkkiz üzvü hicabsız çıxış etdiklərinə görə 74 şallaq cəzasına məhkum ediliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Qum Vilayət Məhkəməsinin sənədlərinə istinadla məlumat yayıb.
Məlumata görə, sənətçilərə iki il müddətinə ölkəni tərk etmək və sənətlə məşğul olmaq qadağan edilib. Onlar internetdə kobud və əxlaqsız məzmun dərc etdiklərinə görə ictimai əxlaqı təhqir etməkdə ittiham olunublar.
Söhbət 2024-cü ilin dekabr ayında keçirilən konsertdə 29 yaşlı müğənninin “YouTube” kanalında canlı yayımda hicabsız “Az Khoone Javanane Vatan” vətənpərvərlik mahnısını ifa etməsindən gedir.
Video qısa bir vaxtda viral olub və milyonlarla baxış toplayıb.
Videonun yayımlanmasından qısa müddət sonra müğənni və bir neçə musiqiçi qısa müddətə saxlanılıb və daha sonra onlara qarşı rəsmi cinayət işi açılıb.
“The Guardian” qəzeti qeyd edir ki, məhkəmənin bu hökmü insan haqları fəallarının etirazı ilə qarşılanıb.
İranda İnsan Haqları Mərkəzinin insan haqları üzrə direktoru Bahar Qandehari bildirib ki, Əhmədinin cəzası ölkədə insan haqları ilə bağlı vəziyyətdə dəyişikliyin olmadığını təsdiq edir. O, həmçinin bildirib ki, bunun rejimin təbliğatı ilə reallıq arasındakı uçurumu nümayiş etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz