
Britaniyada Robin Hud əfsanəsi ilə bağlı məşhur qədim “Meycor Oak” palıd ağacı quruyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Quşların Mühafizəsi üzrə Kral Cəmiyyətinə istinadla məlumat yayıb.
Məlumata görə, təxminən 1200 illik ağac bu yaz yarpaq verməyib və bu, onun qurumasının əlaməti kimi qəbul edilir.
Böyük palıd ağacı Nottinqem yaxınlığındakı Şervud meşəsində yerləşir və İngiltərənin ən məşhur təbii simvollarından biri hesab olunur.
Rəvayətə görə, varlılardan alıb kasıblara paylayan orta əsr zadəgan cinayətkarı Robin Hud məhz bu ağacın altında gizlənib.
RSPB bildirib ki, ağacın qurumasına illərlə davam edən ziyarətçi axını və ekosistem dəyişiklikləri də daxil olmaqla bir sıra amillərin təsiri ola bilər.
Belə ki, ekoloqların fikrincə, əsrlər boyu ağacı ziyarət edən milyonlarla turist tədricən köklərinin ətrafındakı torpağın sıxlaşmasına və suya çıxışın çətinləşməsinə səbəb olub.
Quraqlıq və istilik dalğaları da daxil olmaqla iqlim dəyişikliyinin baş verməsi, eləcə də onun nəhəng budaqlarının dirək və kabellərlə dəstəklənməsi də burada əsas amillərdən biri sayıla bilər.
Mütəxəssislər ağacın kök sisteminin boğulduğunu və qidalanmadan məhrum olduğunu qeyd edirlər.
“Woodland Trust” eksperti Ed Payn isə bu cür ağacları Britaniyanın ekoloji ağ kərgədanları ilə müqayisə edərək, onların deqradasiyasının çox vaxt ictimaiyyət tərəfindən nəzərə alınmadan baş verdiyini ifadə edib.
“Bu ağacların qorunması ətraf mühitin sağlamlığı üçün vacibdir, lakin onların əksəriyyəti lazımi diqqət yetirilmədən səssizcə yox olur”, - deyə o bildirib.
Qeyd edək ki, “Meycor Oak” 1970-ci illərdə hasara alınmış və qorunmuşdu, lakin təbiət mühafizəçiləri bunun onu zamanın və insanın təsirinin təsirindən tam qorumadığını deyirlər.
Tətbiqimizi yükləyə bilərsiniz