
Xəbər verdiyimiz kimi, bu ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,1 manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4 min 534,6 manat, qeyri neft-qaz sektorunda 1 111,5 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1 152,5 manat, özəl müəssisələrdə isə 1 191,3 manat təşkil edib.
Qeyd edək ki, ən aşağı əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq əməkhaqqı 744,1 manat olub.
Dövlət sektorunda ən yüksək maaş maliyyə və sığorta fəaliyyəti sahəsində verilib. Həmin sahədə çalışanların orta aylıq əməkhaqqı 4 977,7 manat təşkil edib. Dövlət sektorunda ən aşağı göstərici isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb. Bu sahədə orta aylıq əməkhaqqı 720,5 manat olub.
Qeyri-dövlət sektorunda isə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində müşahidə edilib. Özəl sektorda bu sahədə çalışanlar orta hesabla 5 189,2 manat əməkhaqqı alıblar. Ən aşağı göstərici isə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində qeydə alınıb. Bu sahədə özəl sektor üzrə orta aylıq əməkhaqqı 684,9 manat təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz