
Lüks avtomobil sürənlər piyada keçidlərində gözləyən insanlara daha az yol verirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqat çərçivəsində 461 nəqliyyat vasitəsi müşahidə edilib və nəticələr göstərib ki, ümumilikdə sürücülərin yalnız 28 faizi piyada keçidində gözləyən insanlara yol verir. Lakin avtomobilin qiyməti artdıqca bu ehtimalın azaldığı müəyyən edilib. Belə ki, avtomobilin dəyərində hər 1000 dollar artım yol vermə ehtimalını təxminən 3 faiz azaldır.
Araşdırmanın diqqət çəkən başqa bir nəticəsi isə insanların sosial xüsusiyyətləri ilə bağlıdır. Video müşahidələr göstərib ki, sürücülər kişilərə və ağdərili olmayan piyadalara qadın və ağdərili piyadalarla müqayisədə daha az yol verirlər. Bu nəticələr nəqliyyatda davranışın yalnız yol hərəkəti qaydaları ilə deyil, həm də sosial qavrayışlarla formalaşdığını göstərir.
Mütəxəssislər bildirir ki, hətta aşağı sürətlə baş verən yol qəzaları belə ciddi xəsarətlərə səbəb ola bilər. Buna görə də piyada keçidlərində sürücülərin davranışı yalnız yol hərəkəti qaydası kimi deyil, insanların sağlamlığı və təhlükəsizliyi ilə bağlı ciddi ictimai məsələ kimi dəyərləndirilməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz