"Mingəçevirdə 14-15 min manata 1 otaqlı bina evləri satılır, alan yoxdur"

Mingəçevirdə mənzil bazarında böhran yaşanır. Belə ki, son günlərdə alqı-satqının tamamilə dayandığı bildirilir. Uzun illərdir daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Aydın Əliyev bildirir ki, əmlak bazarında durğunluq hökm sürür: "Satanlar var, amma onların da bir qismi məcburiyyətdən evini dəyər-dəyməzə satır. Onu da deyim ki, ev kirayə tutanların sayında da azalma müşahidə olunur. Mən bu sahədə uzun illərdir çalışıram, bu vəziyyətlə demək olar ki, rastlaşmamışdım. Aylarla heç bir ev sata bilmirik".

H. Əliyev 42 ünvanında rieltor xidməti ilə məşğul olan Vüqar adlı şəxs bildirdi ki, günlərlə burada boş bikar oturmaqdan yorulmuşuq: "2-ci devalivasiyadan sonra bu sahədə tam durğunluq yaşanıb. Hətta evlərin qiymətlərinin düşməsinə baxmayaraq, heç ev alan yoxdur. Bəzi evini satmaq istəyənlər isə ev alqı-satqısında tətbiq edilən vergiyə görə evini satmır. Deyirlər bu günkü qiymətlə sərf etmir. Bu ilin ilk ayıdır, hələ gəlib deyən yoxdur ki, ev almaq istəyirəm və ya kirayə üçün də sifariş verən yoxdur. Mingəçevirdə iş yerləri olmadığı üçün bu şəhərə kirayəşinlər az gəlir. Əvvəllər bir otaqlı evlərin qiyməti 25-30 min manat idisə, indi bir otaqlı evin qiyməti 14-15 min manat arasında dətişir. Hətta 70-80 min manata satılan həyət evləri bu gün yerindən asılı olaraq 40-45 min manata, şəhərdən kənar yerlərdə isə 16-25 min manat arasında dəyişir. İndi ev almaq sərf edir, amma pul yoxdur".

Şəhərin digər yerlərində mənzil alqı-satqısı ilə məşğul olan bir neçə rieltorla həmsöhbət olduq, onlar da eyni vəziyyətdən şikayətləndilər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top