“Dağlıq Qarabağa müstəqillik veriləcəyini gözləyənlər əbəs yerə gözləməsinlər”

“Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi”.

Bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdılıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir”.

“Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biridir”

“Burada yaşamaq və xidmət aparmaq üçün bütün şərait var. Son illər ölkəmizdə 20-dən çox hərbi şəhərcik inşa edilib”.

Dövlət başçısı bildirib ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir: “Hərbi qulluqçuların sosial məsələlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Ordusu bu gün dünyanın ən qüdrətli ordularından biridir. Son illər ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”.

Prezident qeyd edib ki, Azərbaycan Ordusunda ruh yüksəkliyi var, vətənpərvərlik hissi çox yüksək səviyyədədir: “Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik. Bu gün dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik. Güclü iqtisadiyyatımız olmasaydı, bu işləri görə bilməzdik. Bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.

DİGƏR XƏBƏRLƏR

Top