
Bu gün dünyada sürətlə yayılmaqda davam edən və milyonlarla insanın həyatına təsir edən ciddi xəstəliklərdən biri də diabetdir.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, bu gün dünyada 537 milyondan çox yetkin insan diabetdən əziyyət çəkir.
Şəkərli diabet – xalq arasında şəkər xəstəliyi kimi tanınan bu xəstəlik, orqanizmin qandakı qlükozanı düzgün emal edə bilmədiyi zaman yaranır.
İnsan orqanizmi qəbul etdiyi karbohidratları qlükozaya parçalayır. Mədəaltı vəz tərəfindən ifraz olunan insulin hormonu bu şəkəri hüceyrələrə ötürərək enerjiyə çevrilməsini təmin edir. Diabet zamanı isə ya insulin kifayət qədər istehsal olunmur, ya da öz funksiyasını düzgün yerinə yetirmir. Nəticədə qanda şəkərin səviyyəsi yüksəlir.
Diabetin bir neçə növü var. 1-ci tip diabetdə mədəaltı vəz insulin istehsalını dayandırır və qanda qlükozanın səviyyəsi artır. Alimlər bunun dəqiq səbəbini tam müəyyən etməsələr də, genetik faktorların və virus infeksiyalarının insulin istehsal edən hüceyrələri zədələyə biləcəyi ehtimal edilir. Bu tip diabet xəstələrin təxminən 10 faizində müşahidə olunur.
2-ci tip diabetdə isə mədəaltı vəz insulin istehsalını tam dayandırmır, lakin ya kifayət qədər insulin ifraz etmir, ya da orqanizm bu hormona düzgün reaksiya vermir.
Diabetin əsas əlamətləri arasında mütəmadi susuzluq hissi, tez-tez sidiyə çıxma (xüsusilə gecələr), yorğunluq, səbəbsiz çəki itkisi, kandidoz infeksiyaları, görmə qabiliyyətinin zəifləməsi və yaraların gec sağalması yer alır.
Xəstəliyin qarşısını tam almaq mümkün olmasa da, sağlam qidalanma və aktiv həyat tərzi qanda şəkərin səviyyəsinin nəzarətdə saxlanmasına kömək edir. Emal olunmuş şəkər məhsullarının, şirin içkilərin və ağ çörəyin azaldılması, əvəzində meyvə-tərəvəz, paxlalılar, tam taxıllar, qoz-fındıq və omeqa-3 ilə zəngin balıq məhsullarının qəbulu tövsiyə olunur.
Fiziki aktivlik və çəkinin tədricən azaldılması da diabet riskini azaldan əsas amillər sayılır. Siqaretdən imtina və xolesterin səviyyəsinə nəzarət də vacib faktorlardandır.
Diabet bir sıra ciddi fəsadlara səbəb ola bilər. Qanda şəkərin yüksək səviyyəsi damarları zədələyir, qan dövranını pozur və sinir sisteminə ciddi təsir göstərir. Bu isə ürək tutması, insult, korluq, böyrək çatışmazlığı və hətta amputasiya kimi ağır fəsadlara gətirib çıxara bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, 2016-cı ildə təxminən 1,6 milyon insanın ölümü birbaşa diabetlə əlaqələndirilib. Son illərdə isə xəstəliyin yayılma sürəti artaraq 108 milyondan 422 milyona yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz