Məşhur boksçu oğurluqda ittiham olunur – 20 ilə qədər cəzası var…


Beş çəki dərəcəsində boks üzrə keçmiş dünya çempionu Floyd Meyvezerə qarşı cinayət işi açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Məlumata görə, Floyd 100 min dollar və daha çox məbləğdə oğurluqda, eləcə də 1200 dollar və daha çox məbləğdə dələduzluqda ittiham olunur.
Nevada ştatı Klark Dairə Prokurorluğu ilkin cinayət ittihamını 27 apreldə irəli sürüb. Üç gün sonra məhkəmə Meyvezerin hakim qarşısına çıxması barədə qərarı verib.
Telekanalın məlumatına görə, 49 yaşlı boksçu Las-Veqasda 200 min dollarlıq saat almaq üçün etibarsız çekdən istifadə edərək oğurluq etməkdə və aldatmaq niyyəti ilə fırıldaqçılığa yol verməkdə günahlandırılır.
İddia ərizəsində qeyd olunur ki, Meyvezer bunun üçün 31 dekabr 2024-cü ildə “Wells Fargo” bank hesabından Las Veqasdakı “Gold and Beyond” mağazası üçün 200 min dollarlıq çek yazıb.
İddia ərizəsində həmçinin Meyvezerin çeki tam ödəmək üçün hesabında kifayət qədər vəsait, aktiv və ya kredit olmadığı bir vaxtda yazdığı iddia olunur.
Nevada qanunlarına görə, əgər dələduzluq ittihamı ilə təqsirli bilinərsə, Meyvezeri bir ildən dörd ilə qədər həbs cəzası və 5000 dollara qədər cərimə, üstəgəl məhkəmə xərcləri gözləyir. Oğurluq ittihamı isə bir ildən 20 ilə qədər həbs cəzası və 15 000 dollara qədər cərimə nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top