Onlayn tanışlıq boşanma riskini azaldır?


Araşdırmalar göstərir ki, internetdə başlayan münasibətlər çox vaxt daha sağlam olur və daha çox xoşbəxtlik gətirir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Çikaqo Universiteti tərəfindən aparılan araşdırmada qeyd edilib.
Tədqiqatda 19 min 131 nəfər iştirak edib. Onlardan evlilikləri və münasibət məmnuniyyəti ilə bağlı sorğuları cavablandırmaları istənilib.
İştirakçıların təxminən 45 faizi onlayn tanışlıq saytları vasitəsilə tanış olub.
Məlum olub ki, internet üzərindən tanış olan cütlüklərin evliliklərində həm xoşbəxtlik səviyyəsi, həm də münasibətlərin davamlılığı bir qədər daha yüksək olub.
Tədqiqatçılar bildirirlər ki, onlayn tanışlıq zamanı insanlar daha məqsədyönlü şəkildə partnyor seçirlər. Onlar əvvəlcədən müəyyən meyarlara əsasən seçim edirlər və bu da uyğunluq ehtimalını artırır. Bundan əlavə, internet mühiti daha geniş seçim imkanı yaradır və uyğun tərəfdaş tapmaq şansını artırır.
Araşdırmanın nəticələrinə əsasən, onlayn tanış olan cütlüklər arasında boşanma göstəricisi təxminən 6 faiz, real həyatda tanış olanlarda isə 7,6 faiz olub. Evlilik məmnuniyyəti də onlayn tanış olanlarda bir qədər yüksək qeydə alınıb.
Eyni zamanda tədqiqat göstərir ki, internet üzərindən tanış olan şəxslər daha çox 30–39 yaş aralığında olur və daha çox işləyən, sabit gəlirə malik qruplara daxildir. Bu faktorların da münasibətlərin nəticəsinə təsir etdiyi qeyd olunur.
Araşdırmada bildirilir ki, onlayn tanışlıq müasir dövrdə münasibətlərin qurulma formasını dəyişdirir. Lakin bu, evlilik uğurunda əsas faktor deyil, köməkçi amil kimi qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top