Messi altı dünya çempionatında oynayan ilk futbolçu oldu


Argentina millisinin hücumçusu Lionel Messi altı dünya çempionatında oynayan ilk futbolçu olub.
Yeniavaz.com
xəbər verir ki, o, ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində Əlcəzairə qarşı keçirilən ilk qrup matçında meydana çıxıb.
Meksikalılar Antonio Karbaxal və Rafael Markes, almanlar Lotar Matteus və Manuel Noyer, eləcə də portuqaliyalı Kriştianu Ronaldo hər biri beş dəfə Dünya Kubokunda oynayıblar.
Digər tərəfdən, Messinin Əlcəzairə qarşı oyunu onun turnir tarixində 27-ci oyunu olub. Bununla da o, Dünya Kubokunda yeni meydana çıxma rekordu müəyyən edib. Hələ də oynayan oyunçular arasında bu göstəriciyə görə ona ən yaxın olan Kriştianu Ronaldodur (22).
Argentinalı futbolçu həmçinin Dünya Kuboklarında oynadığı ümumi dəqiqələrin sayına görə də, rekord sahibidir. Belə ki, Əlcəzairlə oyun da daxil olmaqla onun Dünya Kuboklarında meydanda olduğu dəqiqələrin sayı 2404-dür. Messi bu rekorda hələ 2022-ci il Dünya Kuboku oyunlarında nail olub. Hazırda bu göstəricidə ona ən yaxın olan futbolçu Paolo Maldinidir: 2216 dəqiqə.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən Böyük Amerika Liqasının (MLS) “İnter Mayami” komandasında çıxış edir. Avropada argentinalı futbolçu PSJ və “Barselona” komandalarında oynayıb və orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu Dünya Çempionu (2022), Olimpiya çempionu (2008) və iki dəfə Amerika Kuboku qalibidir (2021, 2024). Messi həmçinin ən çox “Qızıl Top” mükafatına (8) sahib futbolçudur.

DİGƏR XƏBƏRLƏR

Top