ABŞ-İran anlaşma memorandumunun mətni – Açıqlandı


“Al-Arabiya” telekanalı ABŞ və İran arasında tərəflərin 19 iyunda imzalayacağı sülh müqaviləsinin mətnini əldə edib.
Yeniavaz.com
xəbər verir ki, sənəd kanalın ingilisdilli saytında dərc edilib.
Məlumata görə, memorandum 14 bənddən ibarətdir. Razılaşmaya əsasən, Vaşinqton və Tehran müttəfiqləri ilə birlikdə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və həmişəlik dayandırmaq və gələcəkdə hər hansı düşmənçilik hərəkətlərindən çəkinmək barədə öhdəlik götürürlər.
Tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və daxili işlərinə qarışmaqdan çəkinmək niyyətindədirlər.
ABŞ və İran həmçinin maksimum 60 gün ərzində danışıqlar aparmaq və yekun razılığa gəlmək öhdəliyini götürür.
Razılaşmadan dərhal sonra Vaşinqton İranın dəniz blokadasını ləğv edəcək, qoşunlarını regiondan çıxaracaq və gəmiçilik fəaliyyətini bərpa edəcək.
ABŞ regional tərəfdaşları ilə birlikdə İranın yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard dollarlıq maliyyələşdirmə ilə əhatəli bir plan hazırlamalıdır. Vaşinqton həmçinin yekun razılaşmanın bir hissəsi olaraq razılaşdırılacaq cədvələ uyğun olaraq Tehrana qarşı bütün sanksiyaları dayandırmağı öhdəsinə götürür.
İran da öz növbəsində nüvə silahı istehsalından imtina edəcəyini bəyan edir. Zənginləşdirilmiş uranın və nüvə ilə bağlı bütün digər məsələlərin taleyi yekun razılaşmada həll olunacaq.
Anlaşma memorandumunun imzalanmasından və memorandumun tətbiqinə başlanması ilə bağlı təminat olduqdan sonra İran və ABŞ qalan maddələr üzrə yekun razılaşma üçün danışıqlara başlayacaqlar.
Yekun razılaşmanın həyata keçirilməsinə nəzarət etmək üçün icra mexanizmi yaradılacaq.
Həmçinin, yekun razılaşmanın BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İran arasında memorandumun 19 iyun cümə günü İsveçrənin Bürenstok kurortunda imzalanacağı barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top