"Biz axı düşüb onların hər birinin evini gəzə bilmərik" - FHN rəsmisi

El arasında usta kimi tanınan bir çox insanlar müxtəlif sobalar düzəldir və satışa çıxarırlar. Vətəndaşların özləri tərəfindən hazırlanan sobalar da az deyil. Halbuki onların çoxu heç bir standarta uyğun deyil. Ucqar rayon və kəndlərə mavi yanacaq verildikcə, belə sobalardan istifadə edənlərin sayı daha da artır. Bəs belə sobalar hansı təhlükələrə yol aça bilər? Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Yeniavaz.com"a açıqlamasında standartlara uyğun olmayan qaz sobalarının xoşagəlməz hadisələrə səbəb olduğunu dedi. Onun sözlərinə görə, istifadə üçün hazırlanan bütün sobalar standartlara uyğun olmalıdır: "Sobaların sertifikatı olmalıdır. Gömrük Komitəsi ölkəmizə gətirilən sobaları sərhəddə onları yoxlayır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən rəy alır və onun əsasında qaz sobaları gətirilib quraşdırılır. Hansısa bir qrup vətəndaşlar da özləri üçün heç bir standarta uyğun olmayan sobalar hazırlayır və istifadə edirlər. Biz axı düşüb onların hər birinin evini gəzə bilmərik. Ancaq belə hazırlanan sobalar çox təhlükəlidir. Ümümlikdə belə deyə bilərik; standartlara uyğun olanlar var - məhz onları sahibkarlar ölkəyə gətirir və satışa çıxarırlar. Bir qism vətəndaşlar sertifikatlarla gətirirlər rəy alırlar ki, bunlar yanğın təhlükəsizlik qaydalarına uyğundur. Digər standartlara uyğun olmadan hazırlanan sobalar haqqında mən bir söz deyə bilmərəm".

"Jurnalistlər çalışırlar ki, ancaq sensasiyalı xəbərlər versinlər"

O. Bayramov maarifləndirmə tədbirləri haqqında da məlumat verdi: "FHN-nin saytında təhlükəsizlik tədbirləri haqqında məlumatlar var. Siz saytda işləyirsiniz, jurnalistsiniz, açın bizim saytda mühafizə tədbirləri haqqında yazdıqlarımıza baxın. Biz rayonlarda, kəndlərdə, səhiyyə müəsissələrində maarifləndirmə tədbirləri keçiririk. Bizdə mətbuatda belə bir tendensiya var; çalışırlar sensasiyalı xəbərləri versinlər. Yəni, sensasiyalı və aktual. Hardasa partlayış oldu, hardasa yanğın oldu. Hansı ki, saytımızdakı marifləndirmə tədbirləri haqqında məlumatı heç kim açıb götürmür, saytlarda vermir. Tərəfimizdən məktəblərdə, səhiyyə ocaqlarında, icra hakimiyyətləri, icra numayəndələri ilə birgə maarifləndirmə tədbirləri davamlı olaraq keçrilir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top