
Kardiff Universitetinin tədqiqatçıları bildirirlər ki, bağırsaq bakteriyalarının narın tərkibindəki maddələri emal etməsi nəticəsində yaranan təbii birləşmə gələcəkdə ürək-damar xəstəlikləri ilə mübarizədə perspektivli vasitəyə çevrilə bilər.
Yeniavaz.com xəbər verir ki, söhbət bağırsaq mikroflorası tərəfindən nar və digər bitki mənşəli məhsullarda olan polifenolların metabolizmi zamanı yaranan “urolitin A” adlı birləşmədən gedir. Alimlər müəyyən ediblər ki, bu maddə qan damarlarında iltihabı azaltmaq və aterosklerotik lövhələrin sabitliyini artırmaq qabiliyyətinə malikdir. Bu isə infarkt və insult riskinin azalmasına kömək edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, xolesterin səviyyəsini azaltmağa yönəlmiş dərmanların inkişafına baxmayaraq, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ön sıralarda qalır. Buna görə də tədqiqatçılar aterosklerozun inkişafında xroniki iltihab, oksidləşdirici stress və bağırsaq mikrobiomunun rolunu daha intensiv araşdırırlar.
Tədqiqat qrupu professor Deepak Ramji rəhbərliyi altında nar polifenollarından yaranan birləşmələrin damar lövhələrinin formalaşması ilə əlaqəli bioloji proseslərə təsirini öyrənib. Nəticədə “urolitin A” narın əsas polifenollarından biri olan punikalagindən yaranan ən aktiv metabolit kimi qiymətləndirilib.
Laboratoriya təcrübələri göstərib ki, “urolitin A” oksidləşdirici stressi azaldır, iltihab siqnallarını zəiflədir, immun hüceyrələrinin damar divarlarına nüfuzunu məhdudlaşdırır və damar hüceyrələrində xolesterinin toplanmasını azaldır.
Daha sonra alimlər maddəni ateroskleroza meyilli siçanlar üzərində sınaqdan keçiriblər. “Urolitin A” qəbul edən heyvanlarda daha kiçik, az iltihablı və daha sabit lövhələrin formalaşdığı müşahidə olunub. Bu isə lövhələrin partlaması riskini azaldır ki, həmin proses infarkt və insultların əsas səbəblərindən biri hesab olunur.
Araşdırmanın nəticələri bağırsaq mikrobiomunun əhəmiyyətini də ön plana çıxarır. Alimlər bildirirlər ki, “urolitin A” istehsal etmək qabiliyyəti insanlarda fərqlənir və bağırsaq mikroflorasının tərkibindən asılıdır. Bu səbəbdən nar polifenolları ilə zəngin qidalara orqanizmin reaksiyası hər kəsdə eyni olmaya bilər.
Maraqlıdır ki, ürək-damar sisteminə müsbət təsir xolesterin səviyyəsində ciddi dəyişiklik olmadan müşahidə edilib. Bu isə “urolitin A”nın ənənəvi lipid azaldıcı preparatlardan fərqli mexanizmlə təsir etdiyini göstərir. Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu maddə statinlər və digər müalicə üsulları ilə birlikdə istifadə edilərək ürək-damar riskini əlavə şəkildə azalda bilər.
Bununla belə, “urolitin A”nın ürək-damar xəstəlikləri üzrə ixtisaslaşmış klinik sınaqları hələ aparılmayıb. Hazırda alimlər optimal dozanın müəyyənləşdirilməsi, farmakokinetik xüsusiyyətlərin öyrənilməsi və maddənin mövcud aterosklerotik lövhələrin geriləməsinə təsir imkanlarının araşdırılması istiqamətində yeni tədqiqatlar planlaşdırırlar.
Mütəxəssislərin fikrincə, gələcək araşdırmalar bu nəticələri təsdiqləyərsə, “urolitin A” ürək-damar xəstəlikləri olan pasiyentlərdə iltihabı azaltmaq və damar lövhələrinin sabitliyini artırmaq üçün yeni köməkçi vasitəyə çevrilə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz