Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqlədi


Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, yeni məhdudiyyətlər ümumilikdə 34 fiziki şəxs və 47 təşkilatı əhatə edir. Sanksiyaların əsas hədəfləri Rusiyanın enerji sektoru, hərbi-sənaye kompleksi və Kremlə yaxın təbliğat media qurumlarıdır.
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, yeni tədbirlər Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyır.
“Bu gün müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi artıran daha bir sanksiya mərhələsini təsdiqlədik”, – deyə o vurğulayıb.
Kallasın sözlərinə görə, yeni paket Rusiyanın hərbi-sənaye kompleksinə, “kölgə donanması” adlandırılan şəbəkəsinə və Moskvanın Avropaya qarşı hibrid fəaliyyətlərini maliyyələşdirən strukturlara birbaşa zərbə vurur.
O qeyd edib ki, artıq Avropa Birliyinin 21-ci sanksiyalar paketi üzərində də iş aparılır.
“Rəqəmlər göstərir ki, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyaya artıq təxminən 1–1,3 trilyon avroya başa gəlib. Biz Rusiyanın hərbi iqtisadiyyatının təməllərini addım-addım zəiflədirik”, – deyə Kaya Kallas əlavə edib.
Yeni məhdudiyyətlər bir neçə əsas istiqaməti əhatə edir. Enerji sektorunda Rusiyanın neft daşımalarında istifadə etdiyi “kölgə donanması”na qarşı tədbirlər gücləndirilib. Hərbi-sənaye sahəsində müasir silah və pilotsuz uçuş aparatlarının istehsalında istifadə oluna biləcək texnologiyaların ixracına qoyulan qadağalar genişləndirilib. Bununla yanaşı, Rusiya ordusuna avadanlıq tədarük etdiyi bildirilən bir sıra Çin şirkətləri də sanksiya siyahısına daxil edilib.
Paket həmçinin Kremlin təbliğat maşınına qarşı tədbirləri də əhatə edir. Avropada və digər regionlarda dezinformasiya yaymaqda ittiham olunan media qurumları və təbliğatçılar yeni sanksiyalar siyahısına salınıb.
İnsan hüquqları istiqamətində isə siyasi repressiyalarda iştirak etdiyi və müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə əlaqələndirilən yüksək vəzifəli Rusiya rəsmilərinə qarşı məhdudiyyətlər tətbiq olunub.

DİGƏR XƏBƏRLƏR

Top