Tramp Fransanı şərab tarifləri ilə hədələdi – 100% rüsum tətbiq edilə bilər


ABŞ Prezidenti Donald Tramp Fransaya xəbərdarlıq edib ki, Paris Amerika texnologiya şirkətlərinə tətbiq etdiyi rəqəmsal vergini ləğv etməsə, ABŞ Fransa şərabı və şampanına 100 faizlik tarif tətbiq edə bilər.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə verdiyi müsahibədə deyib.
ABŞ prezidenti bildirib ki, bu barədə xəbərdarlığı birbaşa Fransa Prezidenti Emmanuel Makrona çatdırıb.
Trampın sözlərinə görə, o, Fransanın Amerika texnologiya nəhənglərinə tətbiq etdiyi 3 faizlik rəqəmsal xidmət vergisinin ləğvini tələb edib: “Əks halda ABŞ bazarına ixrac olunan Fransa məhsulları əlavə tariflərlə üzləşəcək. Mən ondan Amerika şirkətlərinə vergi tətbiq etməməsini xahiş etdim. Əgər bu davam etsə, Fransadan idxal edilən bütün şampan və şərablara 100 faiz tarif tətbiq etməkdən başqa çarəm qalmır”.
Bu, Trampın Avropa məhsullarına qarşı ilk sərt xəbərdarlığı deyil. O, daha əvvəl – o cümlədən bu ilin yanvarında və ötən ilin martında Fransa və Avropa İttifaqından idxal olunan şərab və digər spirtli içkilərə 200 faizlik tarif tətbiq etməklə hədələmişdi.
Məlumatlara görə, alkoqollu içkilər Avropa İttifaqının ABŞ-yə əsas ixrac məhsulları arasında yer alır. 2024-cü ildə Avropa İttifaqından ABŞ-yə alkoqol ixracının ümumi dəyəri 9 milyard dollar təşkil edib.
Hazırda Avropa İttifaqından ABŞ-yə ixrac olunan şərab və spirtli içkilərə 15 faizlik tarif tətbiq olunur. Bu tariflər ötən il Şotlandiyada keçirilən ABŞ–Avropa İttifaqı ticarət danışıqları zamanı Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen arasında əldə edilən razılaşma çərçivəsində müəyyənləşdirilib.
Qeyd edək ki, Fransa 2019-cu ildən etibarən rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərə 3 faizlik vergi tətbiq edir. Bu vergi Fransada illik gəliri 25 milyon avrodan, dünya üzrə dövriyyəsi isə 750 milyon avrodan artıq olan şirkətlərə şamil edilir.

DİGƏR XƏBƏRLƏR

Top