
Prezident Donald Trampın İranla bağlı siyasəti dəyişməyib və Vaşinqtonun əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Di Cey Vens GMA jurnalistinin sualını cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, ABŞ administrasiyası əvvəldən İranla bağlı təzyiq mexanizmlərini, o cümlədən hərbi tədbirləri, əlverişli razılaşmaya nail olmaq üçün vasitə kimi nəzərdən keçirib.
Vens qeyd edib ki, Tramp administrasiyasının siyasəti İranla münasibətlərin mahiyyətini dəyişməyə və ölkənin nüvə proqramını məhdudlaşdırmağa yönəlib.
Vitse-prezident əlavə edib ki, Vaşinqtonun qiymətləndirməsinə əsasən, mövcud vəziyyət bu istiqamətdə müəyyən irəliləyişin olduğunu göstərir. Bununla yanaşı, o vurğulayıb ki, İran üçün yalnız “qeyd-şərtsiz təslim olmaq” variantı mümkün hesab edilir.
Vens həmçinin CBS telekanalına açıqlamasında bildirib ki, İran mümkün razılaşma üzrə öhdəliklərini yerinə yetirməyincə heç bir maliyyə dəstəyi almayacaq. Onun sözlərinə görə, söhbət birbaşa maliyyə ödənişlərindən deyil, potensial olaraq sanksiyaların yumşaldılması imkanından gedir.
“Biz onlara Amerika pulundan bir qəpik də verməyəcəyik – İrana bir dollar da getməyəcək”, — deyə Vens bildirib.
ABŞ rəsmisi qeyd edib ki, sanksiya rejimində hər hansı dəyişiklik yalnız Tehranın nüvə proqramından imtina etməsi, eləcə də regiondakı silahlı qruplara dəstəyi dayandırması kimi uzunmüddətli şərtlərin yerinə yetirilməsi halında mümkün olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz