
Beynəlxalq humanitar təşkilat “Oxfam” G7 sammiti ərəfəsində yayımladığı yeni hesabatda bildirib ki, “Böyük yeddilik” ölkələrində fəaliyyət göstərən 41 enerji milyarderi ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra ümumilikdə 23,5 milyard dollar əlavə sərvət əldə edib.
Yeniavaz.com xəbər verir ki, təşkilatın məlumatına görə, enerji və ərzaq qiymətlərinin sürətlə bahalaşması dünya üzrə milyonlarla ailənin büdcəsinə ciddi təsir göstərir. Xüsusilə aşağı və orta gəlirli ölkələr iqtisadi böhranlar, borc yükü və iqlim dəyişikliklərinin yaratdığı problemlər səbəbindən daha ağır vəziyyətlə üzləşib.
“Oxfam”ın proqnozlarına əsasən, dünyanın altı ən böyük neft şirkətinin mənfəəti müharibədən əvvəlki gözləntilərlə müqayisədə 80 faiz və ya 68 milyard dollar artacaq. 2026-cı ilin sonuna qədər həmin şirkətlərin ümumi gəlirinin 152 milyard dollara, yəni gündəlik orta hesabla 416 milyon dollara çatacağı gözlənilir.
Təkcə enerji sektoru deyil, gübrə istehsalı sahəsində də ciddi gəlir artımı qeydə alınıb. Dünyanın üç aparıcı gübrə istehsalçısının mənfəətinin əvvəlki proqnozlarla müqayisədə 23 faiz və ya 928 milyon dollar artacağı bildirilir.
“Oxfam”dan bildirilib ki, münaqişələr dövlətləri dağıtsa və insan həyatına ağır təsir göstərsə də, bəzi böyük korporasiyalar və milyarderlər üçün fövqəladə qazanc mənbəyinə çevrilir. Onun sözlərinə görə, mövcud sistem sərvətin aşağı təbəqələrdən daha varlı qruplara ötürülməsinə xidmət edir.
Təşkilat həmçinin G7 ölkələrini inkişaf etməkdə olan dövlətlərə yardımların azaldılmasına görə tənqid edib. Hesabata görə, 2024–2025-ci illərdə G7 ölkələri rəsmi inkişaf yardımını tarixdə ən böyük həcmdə – 48 milyard dollar azaldıb.
“Oxfam” bildirir ki, bu məbləğ milyarderlərin cəmi doqquz gün ərzində qazandığı sərvətə bərabərdir.
Təşkilat G7 liderlərini korporativ fövqəlgəlirlərə və ultra-varlıların aktivlərinə əlavə vergi tətbiq etməyə, kasıb ölkələrin borclarını silməyə, humanitar yardımları artırmağa və inkişaf etməkdə olan iqtisadiyyatlara likvidlik dəstəyini gücləndirməyə çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz