
Son illər geoloq və bioloqlar Quran ayələrindəki insanın palçıqdan yaradılması fikri üzərində tədqiqatlar aparırlar. Massaçusets Texnologiya İnstitutundan Hayman Hartman, Kaliforniyadakı San Co Universitetindən Leyl M. Koyn, Belçikadakı Lyej Universitetindən Pyer Latsio, Qlazqo Universitetindən Qrehem K. Smit bunlardan bir neçəsidir.
Palçıq nədir?
Palçıq deyəndə çoxlarının ağlına bataqlıqlar və palçıq yığınları gəlir. Ancaq bu bir həqiqətdir ki, palçıq olmasaydı, nə elektronika elmi olar, nə də qitələr və peyklərarası rabitə meydana gələ bilərdi. Hətta XX əsrin ən böyük uğurlarından biri olan kompüter də kəşf edilməzdi. Çünki elektronikanın əsasını təşkil edən yarımkeçiricilər palçıqdan başqa bir şey deyil. Rabitədə yeni bir cığır açan superkeçiricilər də həmçinin.
Palçıqla bağlı möcüzələr bununla da bitmir. Palçıq həm də ən yaxşı katalizatordur. Neftayırmada palçığın əvəzi yoxdur. Digər tərəfdən, palçıq zəhərli maddələrdəki zəhəri özünə çəkərək onları neytrallaşdırır. Palçığın başqa mühüm xüsusiyətlərindən biri də radioaktiv elementlərdəki radiasiyanı neytrallaşdıraraq onların ətraf mühitə zərər verməsinin qarşısını almasıdır.
Palçıqda həyat var
Leyl M. Koyn: “İlk baxışdan hərəkətsiz görünən palçıq hərəkət dolu gizli bir dünyadır”, - deyir və palçığın böyük enerji mənbəyi olduğunu bildirir. Palçıq kristal şəklində elementlərdən təşkil olunur və kristal molekulları palçıqda lövhələr şəklində düzülür. Maraqlıdır ki, Ceyms Qlik kristal lövhələrin üzərindəki ion qruplarının hərəkətini şahmat taxtası üzərindəki fiqurların hərəkətinə bənzədir və ion qruplarının da şahmat fiqurları kimi müəyyən məntiqlə hərəkət etdiyini bildirir.
Bəs torpaqda bu əlamətlər haradandır? Leyl M. Koyn bu barədə deyir: “Palçığın kristal quruluşu statik və sabit deyil. Molekul quruluşu sabit olan kristallar boş kağız kimidir. Palçığın kristal quruluşunun sabit olmaması ona ətraf mühitlə enerji mübadiləsinə imkan verir. Həyatın ən primitiv keyfiyyətlərindən biri də ətraf mühitdən enerji almaq və bu enerjidən istifadə etməkdir. Həyatın digər keyfiyyəti isə özünü bərpa etmək xüsusiyyətidir. Hər iki keyfiyyət palçıqda var və bu da həyatın palçıqla başladığını deməyə imkan verir”.
Hayman Hartman isə palçıqla bağlı: “Əgər əlimizdə kifayət qədər cihaz olsaydı və palçığı molekulyar yox, atom səviyyəsində tədqiq edə bilsəydik, indi bildiklərimizdən qat-qat çox bilərdik. Ancaq inanıram ki, o vaxt da həyatın necə meydana gəlməsi ilə bağlı suala cavab tapmaqda çətinlik çəkərdik”, - deyir. Hartman daha sonra əlavə edir: “Məncə həyat təkcə atomdan və hüceyrədən ibarət deyil. Palçıqla bağlı apardığımız tədqiqatlar nə qədər uğurlu olsa da, ona həyat vermək bizim imkanlarımız xaricindədir. Onun sirri Uca Yaradanın əlindədir. Biz ancaq ağlımızın sərhədlərinə qədər gedə bilərik. Bir sözlə, həyatı laboratoriyalarda əldə etmək mümkün deyil”. Bu sözlərlə Hartman elm adamına layiq bir şəkildə ruh həqiqətini ortaya qoyur və insan oğlunun onu heç vaxt dərk edə bilməyəcəyini bildirir.
Biz isə yazımızı İsra surəsinin 85-ci ayəsi ilə tamamlamaq istəyirik: “Ya Məhəmməd! Səndən ruh haqqında soruşarlar. De ki: “Ruh Rəbbimin əmrindədir. Sizə bu barədə yalnız cüzi bir bilik verilmişdir!”
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz