
“İsrail ABŞ və İran arasında yaranan razılaşmanı İsrailin maraqlarına zərər verəcək pis bir razılaşma hesab edir”.
Yeniavaz.com xəbər verir ki, bu iddianı “Ynet” portalı mənbələrə istinadən bildirib.
“Bu, bizim (İsrailin - red.) maraqlarına zərər verən pis bir razılaşmadır. Heç kim razılaşmadan məmnun deyil. Biz başa düşürük ki, bu, bizə yaraşmır. Narahatedici olan odur ki, İsrail heç bir təsir göstərə bilməz; onun səsi eşidilmir”, - İsrail mənbəsi portala bildirib.
Başqa bir mənbə bildirib ki, ABŞ Prezidenti Donald Tramp İsraili pis vəziyyətdə qoyub:
“Tramp bizi pis vəziyyətdə qoyub və biz bunun bədəlini ödədik. Artıq nə baş verdiyinin fərqində deyilik və heç nəyi dəyişə bilmərik. Biz şoka düşdük. Tramp digər ölkələrlə dialoq aparır, amma İsraillə yox”.
Portal qeyd edir ki, uzun illər Tramp əsasən İsrailin İran təhlükəsi ilə bağlı qiymətləndirməsini bölüşən və Tehrana maksimum təzyiqi müdafiə edən kimi qəbul edilib. Lakin, İsrailin qiymətləndirmələrinə görə, bu mərhələdə Vaşinqtonun prioritetləri fərqlidir və Tramp İranla nəyin bahasına olursa olsun razılığa gəlmək istəyir. İsrail rəsmiləri Trampın böhranı tez bir zamanda bitirmək və tammiqyaslı müharibənin qarşısını almaq istədiyinə inanırlar. Portal iddia edir ki, nəticədə ABŞ İsrailin milli təhlükəsizliyi üçün vacib hesab etdiyi məsələlərdə güzəştə getməyə hazırdır.
Tətbiqimizi yükləyə bilərsiniz