
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yeni nəsil kosmik teleskop – “Yaşana Bilən Dünyalar Rəsədxanası” (Habitable Worlds Observatory – HWO) üzərində çalışır.
Yeniavaz.com “Space.com” saytına istinadən xəbər verir ki, bu teleskopun əsas məqsədi yaxın ulduzların ətrafında dövr edən Yerə bənzər planetləri birbaşa görüntüləmək və onların atmosferində həyat əlamətlərini araşdırmaqdır.
Layihənin həyata keçirilməsi üçün hələ uzun vaxt lazım olsa da, alimlər artıq teleskopun necə işləyəcəyini müəyyən edən əsas texniki qərarları qiymətləndirirlər. Yeni araşdırmada teleskop üçün ən vacib göstəricilərdən biri olan spektral ayırdetmə qabiliyyəti araşdırılıb.
Spektral ayırdetmə teleskopun planetdən gələn işığı nə qədər detallı analiz edə bildiyini göstərir. Göstərici nə qədər yüksək olarsa, atmosferdəki qazları bir-birindən ayırmaq bir o qədər asan olur. Ancaq bu, müşahidə müddətini uzadır və cihazın quruluşunu daha mürəkkəb edir.
Alimlər teleskopun Yer planetini müxtəlif geoloji dövrlərdə necə “görəcəyini” modelləşdiriblər. Araşdırmada üç əsas dövr nəzərə alınıb: Arxey dövrü (atmosferdə demək olar ki, oksigen olmayıb), proterozoy dövrü (oksigen çox az olub) və fanerozoy dövrü (müasir Yerə bənzər, yüksək oksigenli atmosfer mövcud olub).
Araşdırmanın nəticələrinə görə, teleskop üçün tələb olunan göstəricilər hazırkı texnologiyalarla mümkündür. Belə ki, atmosferdə oksigeni müəyyən etmək üçün görünən işıq diapazonunda təxminən 140 səviyyəli ayırdetmə kifayətdir. Ozonu aşkar etmək üçün ultrabənövşəyi diapazonda cəmi 7 səviyyə yetərlidir. Karbon qazı ilə karbonmonoksidi bir-birindən ayırmaq üçün yaxın infraqırmızı diapazonda minimum 40, ideal halda isə 70 səviyyəli ayırdetmə lazımdır.
Bu göstəricilər müasir optik texnologiyaların imkanları daxilindədir. Lakin alimlər bildirirlər ki, oksigenin daha dəqiq aşkarlanması üçün teleskopun detektorlarında yaranan səs-küy minimuma endirilməlidir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, atmosferdə oksigen, ozon, metan və ya su buxarının tapılması həmin planetdə həyat olduğu anlamına gəlmir. Çünki bu qazlar bəzi hallarda təbii geoloji proseslər nəticəsində də yarana bilər.
“Yaşana Bilən Dünyalar Rəsədxanası”nın əsas məqsədi həyat ehtimalı yüksək olan planetləri müəyyən etmək və gələcək tədqiqatlar üçün ən perspektivli namizədləri seçməkdir.
Əgər teleskop planlaşdırıldığı kimi inşa edilərsə, bu layihə Günəş sistemindən kənarda həyat axtarışında ən mühüm addımlardan birinə çevrilə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz