Alimlər kofeinlə idarə olunan genetik hüceyrə sistemi hazırlayıblar


ABŞ-nin Texas Universitetinin tədqiqatçıları kofein vasitəsilə genetik modifikasiya olunmuş hüceyrələrin davranışını idarə etməyə imkan verən yeni texnologiya hazırlayıblar.
Yeniavaz.com
xəbər verir ki, araşdırmanın nəticələri Amerika Kimya Cəmiyyətinin Jurnalı (Journal of the American Chemical Society) elmi nəşrində dərc olunub.
Yeni texnologiya Kofeinlə İdarə Olunan Ayrılma Sistemi (CODS) adlanır və süni intellekt vasitəsilə hazırlanmış molekulyar “açar” rolunu oynayır. Sistem hüceyrə daxilində zülalların birləşməsi və ya ayrılmasını idarə etməyə imkan verir. Bununla da müəyyən hüceyrə proseslərini istəyə uyğun aktivləşdirmək və ya deaktiv etmək mümkün olur.
Əvvəlki yanaşmalardan fərqli olaraq, burada kofein zülalları birləşdirmək yox, ayırmaq funksiyasını yerinə yetirir. Belə ki, kofein olmadıqda zülal kompleksləri aktiv vəziyyətdə qalır, kofein əlavə edildikdə isə bu komplekslər parçalanır və hüceyrə fəaliyyəti zəifləyir. Beləliklə, kofein hüceyrədaxili mexanizmləri idarə edən xarici siqnal rolunu oynayır.
Tədqiqatçılar bu texnologiyanı hazırlamaq üçün süni intellekt əsaslı zülal modelləşdirmə alqoritmlərindən və yüksək hesablama gücündən istifadə ediblər. Nəticədə kofeinlə təmas zamanı aktivləşən xüsusi sintetik zülal strukturları yaradılıb.
Alimlərin sözlərinə görə, sistem çox aşağı kofein konsentrasiyalarında belə işləyir, bir neçə dəqiqə ərzində reaksiya verir və dəfələrlə aktivləşdirilib söndürülə bilir.
Sistem üç mərhələdə sınaqdan keçirilib. Birinci halda sistem gen aktivliyinə nəzarət edib: kofein olmadıqda gen aktiv qalıb, kofein əlavə edildikdə isə onun fəaliyyəti kəskin şəkildə azalıb. Kofein mühitdən çıxarıldıqdan sonra sistem yenidən əvvəlki vəziyyətinə qayıdıb.
İkinci eksperimentdə CODS proqramlaşdırılmış hüceyrə ölümü mexanizminə inteqrasiya olunub. Kofein əlavə edilməsi iltihabla əlaqəli hüceyrə ölümü forması olan piroptozu işə salıb. Bu yanaşmanın gələcəkdə iltihabi proseslərin öyrənilməsi və idarə olunan hüceyrə terapiyalarının hazırlanmasında istifadə oluna biləcəyi bildirilir.
Ən diqqətçəkən istiqamətlərdən biri isə xərçəng müalicəsində istifadə olunan CAR-T immun hüceyrələri (xərçənglə mübarizə aparan dəyişdirilmiş T-hüceyrələri) ilə bağlı olub. Hazırda yüksək effektiv hesab edilən bu terapiya bəzi hallarda immun sisteminin həddindən artıq aktivliyi səbəbindən ciddi yan təsirlərə yol aça bilir. CODS sistemi kofein vasitəsilə bu hüceyrələrin fəaliyyətini müvəqqəti şəkildə “söndürməyə” imkan verir ki, bu da mümkün ağırlaşmaların riskini azaltmağa kömək edə bilər.
Araşdırma müəllifləri vurğulayırlar ki, kofein burada dərman vasitəsi kimi deyil, bio-mühəndislik sistemlərini idarə etmək üçün təhlükəsiz və praktik siqnal mexanizmi kimi istifadə olunur.
Mütəxəssislərin fikrincə, gələcəkdə bu cür texnologiyalar insan orqanizminə yeridildikdən sonra belə tənzimlənə bilən “proqramlaşdırılmış” hüceyrə terapiyalarının yaranmasına zəmin yarada bilər.

DİGƏR XƏBƏRLƏR

Top