İrana qarşı “mürəkkəb iqtisadi müharibə” aparılır


İrana qarşı ölkənin əsas resurslarla təminatını pozmağa və ictimai narazılıq yaratmağa yönəlmiş “mürəkkəb iqtisadi müharibə” aparılır.
Yeniavaz.com
“Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Müdafiə Nazirliyi ilə Energetika Nazirliyi arasında əməkdaşlıq mövzusunda keçirilən görüşdə çıxışı zamanı danışıb.
Agentliyin məlumatına görə, Pezeşkian müasir iqtisadi təzyiq formalarının birbaşa hərbi qarşıdurmadan daha mürəkkəb xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, xarici qüvvələr əhalinin su, elektrik enerjisi, qaz və digər həyati əhəmiyyətli resurslarla sabit təminatını pozmağa çalışırlar.
İran prezidenti qeyd edib ki, bu cür addımların məqsədi sosial narazılıq yaratmaq və dövlət idarəçiliyinə ictimai etimadı sarsıtmaqdır.
Pezeşkian vurğulayıb ki, istehlakın düzgün idarə olunması və səmərəliliyin artırılması iqtisadi təhlükəsizliyin və dövlət dayanıqlığının əsas elementlərindən biridir.
O, həmçinin İranın zəngin resurslara və mühüm geosiyasi potensiala malik olduğunu bildirərək ölkənin “müstəsna imkanlara və unikal strateji mövqeyə” sahib olduğunu deyib.
Prezident əlavə edib ki, xarici qüvvələr yalnız daxildə uyğun şərait yarandığı halda ölkənin real imkanlarını məhdudlaşdıra bilər. Onun fikrincə, mövcud məhdudiyyətlərin aradan qaldırılması üçün yanaşmalar dəyişməli, daxili potensiala inam gücləndirilməli və milli resurslar səfərbər olunmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top