
ABŞ paytaxtı Vaşinqtonda yerləşən Milli Alleyanın (“National Mall”) ərazisində çəmənlik üzərində “86 47” rəqəmlərini xatırladan işarələrin aşkarlanması ilə bağlı araşdırmaya başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
ABŞ Park Polisi Xidmətinin açıqlamasına görə, yerli vaxtla saat 11:30 radələrində mümkün vandalizm aktı ilə bağlı məlumat daxil olub. Hadisə yerində aparılan ilkin baxış zamanı Vaşinqton abidəsinin yaxınlığındakı çəmənlikdə “8647” ardıcıllığını xatırladan rəng dəyişikliyi qeydə alınıb.
Qurumdan bildirilib ki, işarələrin yaranma səbəbi hələ müəyyən edilməyib. Analiz üçün ərazidən nümunələr götürülüb və araşdırmalar davam etdirilir.
“Reuters” agentliyinin əməkdaşı tərəfindən Vaşinqton abidəsinin zirvəsindən çəkilmiş fotolarda Milli Alleyanın qərb hissəsində, İkinci Dünya Müharibəsi Memorialının fonunda zəif görünən rəqəmlər müşahidə olunur. Ən aydın seçilən simvol “8” rəqəmi olsa da, digər işarələr daha çətin fərqlənir.
ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi hadisəni “qəbuledilməz vandalizm aktı” adlandırıb və prezidentə qarşı mümkün təhdidlərin maksimum ciddi şəkildə qiymətləndirildiyini bildirib.
“86 47” kombinasiyasının mənası rəsmi şəkildə təsdiqlənməyib. ABŞ mediasında qeyd olunur ki, danışıq ingiliscəsində “86” ifadəsi bəzən “aradan qaldırmaq” və ya “uzaqlaşdırmaq” mənalarında işlədilir. Bununla belə, siyasi kontekstdə mümkün yozumlar mübahisəli olaraq qalır.
Ağ Ev isə açıqlamasında siyasi zorakılığın və onun simvolik əsaslandırılmasının istənilən formasını qəbuledilməz hesab etdiyini vurğulayıb və insidentin tam araşdırılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, işarələrin aşkarlandığı Milli Alleya ABŞ paytaxtının əsas ictimai məkanlarından biri hesab olunur və burada rəsmi tədbirlər, anım mərasimləri keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz