
Kolumbiya dairəsinin federal hakimi Ağ Ev ərazisində keçirilməsi planlaşdırılan xüsusi qarışıq döyüş sənətləri (MMA) turnirinin qarşısının alınması ilə bağlı iddianı rədd edib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, hakim Amit Mehta iki Vaşinqton sakininin Donald Tramp administrasiyasını səlahiyyət həddini aşmaqda ittiham etdiyi məhkəmə iddiasını əsassız hesab edib.
Qeyd olunur ki, xüsusi idman tədbiri ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi və ABŞ-nin yaranmasının 250 illiyi münasibətilə təşkil ediləcək. Turnirin Ağ Evin Cənub Çəmənliyində administrasiya tərəfindən xüsusi qurulan arenada baş tutacağı bildirilir.
Tədbir çərçivəsində gürcü UFC çempionu ilə məğlubedilməz döyüşçü İlya Topuriya arasında qarşılaşmanın keçirilməsi planlaşdırılır. Bildirilir ki, Topuriyanın bu unikal tədbirdə iştirakı məhkəmənin qərarından asılı idi.
Prezident Tramp administrasiyası xüsusi UFC tədbiri üçün Ağ Evin ərazisində 28 metr hündürlüyündə müvəqqəti tikili inşa edib. Tədbirdə 4 mindən çox tamaşaçının iştirakı gözlənilir.
İddiaçılar məhkəmədə prezident tərəfindən idarə olunan dövlət ərazisində peşəkar idman yarışlarının keçirilməsinin qanunsuz olduğunu iddia ediblər. Onların fikrincə, ictimai abidələrin özəl kommersiya məqsədləri üçün istifadəsi yolverilməzdir və layihə Konqresin təsdiqini tələb edir.
Lakin məhkəmə bu arqumentləri qəbul etməyib və nəticədə Ağ Evdə keçirilməsi planlaşdırılan xüsusi UFC tədbirinin qarşısında duran son hüquqi maneə də aradan qalxıb.
Tətbiqimizi yükləyə bilərsiniz