Dövlət “bir daşla üç quşu necə vura bilər”? – “Uşaq pulu” ilə bağlı təklif


Azərbaycanda uzun illərdir ən çox müzakirə olunan sosial məsələlərdən biri “uşaq pulu” ilə bağlıdır.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə, ictimai müzakirələrdə və ekspert debatlarında tez-tez bu mövzu gündəmə gətirilir.
Eyni zamanda qeyd edək ki, son zamanlar “uşaq pulu” ilə bərabər “qeyri-rəsmi məşğulluq” və “doğum səviyyəsinin azalması” kimi problemlər də ən çox müzakirə olunan mövzular arasında yer alır.
Bildiyimiz kimi, dövlət qurumları uzun illərdir ölkədə əmək bazarının leqallaşdırılması məqsədilə çoxsaylı layihələr icra edirlər. Görülən tədbirlərə baxmayaraq, hələ də ölkədəki 5,1 milyon məşğul insanın yalnız 1/3-i – 1,8 milyonu əmək müqaviləsi ilə çalışır.
Qeyd etdiyimiz kimi, digər bir mühüm problem isə doğum səviyyəsinin azalmasıdır. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə cəmi 95 min 875 uşaq doğulub ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək doğum göstəricisi 1991-ci ildə qeydə alınıb. Həmin il ölkədə 190 min 353 diri doğulan uşaq qeydə alınıb.

“SSRİ zamanında Azərbaycanda da buna bənzər mexanizm olub”
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, dövlət bu üç problemi – həm “uşaq pulu”, həm “qeyri-rəsmi məşğulluq”, həm də “doğum səviyyəsinin azalması” problemlərini tək bir mexanizmlə həll edə bilər:
“Yəni, dövlət əslində “bir daşla üç quşu vura bilər”. Bu mexanizm ailədəki uşaqların sayına görə diferensial vergi sisteminin tətbiqindən ibarətdir. Əslində bu mexanizm həm keçmişdə, həm də indi bəzi ölkələrdə tətbiq olunub. Hətta SSRİ zamanında Azərbaycanda da buna bənzər mexanizm olub. Bildiyimiz kimi, İkinci Dünya müharibəsi zamanı SSRİ-də doğum səviyyəsini artırmaq məqsədilə “subaylıq vergisi” adlanan vergi tətbiq olunub. Bu vergi SSRİ dağılana qədər Azərbaycanda da tətbiq olunub. Uşağı olmayan şəxslərdən əlavə vergi alınıb. Mənim təklif etdiyim mexanizm isə ondan ibarətdir ki, dövlət əmək müqaviləsi ilə işləyən şəxslərdən gəlir vergisini onların uşaqlarının sayına əsasən müəyyən etsin”.

“Dövlət birbaşa “uşaq pulu” ödəmək əvəzinə ailələri vergi güzəşti ilə dəstəkləyir”
Ekspert qeyd edir ki, hazırda Azərbaycanda əmək müqaviləsi ilə işləyən 1,8 milyon insan var:
“Bunların təxminən yarısı dövlət sektorunda işləyir və onların əməkhaqqından 14 faiz gəlir vergisi tutulur. Özəl sektorda işləyənlərdən isə 3 faiz vergi tutulsa da, növbəti illərdə bu dərəcə mərhələli şəkildə artırılacaq. Hesab edirəm ki, dövlət bu vergi dərəcəsini işləyən şəxslərin uşaqlarının sayına əsasən müəyyən etməklə onlara dolayısı yolla “uşaq pulu” vermiş ola bilər.
Bu zaman dövlət birbaşa “uşaq pulu” ödəmək əvəzinə ailələri vergi güzəşti ilə dəstəkləyir. Məsələn, uşağı olmayan şəxslər əvvəlki kimi 14 faiz gəlir vergisi ödəməyə davam edəcəklər. Lakin 1 uşağı olanlar 10 faiz, 2 uşağı olanlar 6 faiz, 3 və daha çox uşağı olanlar isə 3 faiz gəlir vergisi ödəsinlər.
Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 1170 manatdır. Mövcud 14 faizlik vergi sistemində orta maaş alan bir şəxs aylıq təxminən 164 manat gəlir vergisi ödəyir. Bu isə ildə təxminən 2 min manata yaxın vəsait deməkdir.
Əgər həmin şəxsin bir uşağı varsa və vergi 10 faizə endirilərsə, aylıq vergi yükü təxminən 117 manat olacaq. Bu halda ailənin cibində hər ay əlavə 47 manat, ildə isə 560 manatdan çox vəsait qalacaq.
İki uşaqlı ailələrdə 6 faizlik vergi tətbiq edilərsə, aylıq qənaət təxminən 94 manat olacaq. İl ərzində bu rəqəm 1 128 manat təşkil edəcək. Üç və daha çox uşaqlı ailələr üçün bu məbləğ daha yüksək olacaq”.

Allahverdi Aydın

“Bu mexanizm insanları əmək müqaviləsi ilə işləməyə təşviq edəcək”
Allahverdi Aydın bildirir ki, bu mexanizmin tətbiqi mahiyyət etibarilə “uşaq pulu”nun bərpası deməkdir:
“Birbaşa verilən “uşaq pulu”ndan fərqli olaraq, bu mexanizm insanları əmək müqaviləsi ilə işləməyə təşviq edəcək. Məsələn, iki və ya üç uşağı olan, amma qeyri-rəsmi çalışan bir şəxs əmək müqaviləsinin ona vergi üstünlüyü gətirdiyini gördükdə rəsmi işləməyə daha çox maraq göstərə bilər. Belə olan halda işəgötürənlər uşaqlı şəxslərlə əmək münasibətlərini rəsmiləşdirməyə daha meyilli olacaqlar.
Bu da imkan verəcək ki, dövlət üçün əlavə gəlir mənbəyi yaransın. Məsələn, deyək ki, vergi güzəşti səbəbindən dövlət büdcəsinin gəlirlərində müəyyən azalma olacaq. Amma eyni zamanda yeni mexanizm sayəsində rəsmi əmək müqaviləsinə keçənlərin sayı artacaq. Nəticədə itkinin əhəmiyyətli bir hissəsi kompensasiya oluna bilər.
Bu mexanizm sayəsində əlavə 300 min nəfər rəsmi işə cəlb olunarsa və orta hesabla 6–8 faiz effektiv gəlir vergisi ödəyərsə, dövlət büdcəsinə ildə təxminən 250–330 milyon manat əlavə vergi daxil ola bilər. Dövlət qısamüddətli dövrdə müəyyən vergi güzəşti versə də, uzunmüddətli perspektivdə daha geniş vergi bazası, daha çox sosial sığorta iştirakçısı və daha şəffaf iqtisadiyyat əldə edə bilər”.

“Uşağı olmayan şəxslərin daha çox vergi ödəməsi “cəzalandırma” kimi görünə bilər”
İqtisadçı-ekspert həmçinin qeyd edir ki, istər birbaşa, istərsə də dolayı yolla veriləcək “uşaq pulu” doğum səviyyəsini artıracaq:
“Bu, uzun illərdir sınaqdan çıxarılmış ən effektiv üsuldur. Dünyanın demək olar ki, əksər ölkələrində demoqrafik problemlərə qarşı mübarizədə ən uğurlu metod “uşaq pulu”nun verilməsidir”.
Allahverdi Aydın bildirir ki, bu modelin yeganə mübahisəli tərəfi sosial ədalətlə bağlıdır:
“Uşağı olmayan şəxslərin daha çox vergi ödəməsi bəzi hallarda “cəzalandırma” kimi görünə bilər. Amma indiki halda hər kəsi razı salacaq daha ideal bir həll yolunun olacağına inanmıram. Dövlət bu sosial ədalətsizliyi kompensasiya etmək üçün uşağı olmayan şəxslərə, xüsusilə də özlərindən asılı olmayaraq uşaq sahibi olmayanlara da hansısa formada güzəştlər təqdim edə bilər”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top