Ağac atınız əskik olmasın!


(Həyat dərsi)

Şənbə günü yenə bütün ailə bir yerdə gəzməyə çıxmağı qərara aldılar. Bir qədər getdikdən sonra nəhayət şəhərin kənarındakı meşəyə çatdılar. Ana yeməyi hazırlayır, ata isə uşaqları ilə meşədə gəzirdi. Bir az gəzəndən sonra uşaqlardan ən kiçiyi yalvarıcı nəzərlərlə atasına baxdı və: “Ata, çox yoruldum, məni qucağına götür”, - dedi. Ata elə, “Oğlum, mən də yorğunam”, - demək istəyirdi ki, uşaq ağlamağa başladı.
Ata heç bir söz demədən ağacdan bir budaq kəsdi. Bu budağı bıçaqla yonub oğluna verdi. Sonra da: “Al oğlum, bu da sənə gözəl bir at”, - dedi. Uşaq sevinclə budaqdan yonulmuş “atına” mindi və ağacla vuraraq anasının yanına qaçdı. Artıq atası da, bacısı da arxada qalmışdılar.
Ata gülərək qızına: “Əslində, həyat budur qızım”, - dedi, - “Bəzən özünü çox yorğun hiss edirsən. Ya da bəzən özünə yer tapmırsan. Onda özünə ağacdan bir at tap və yenidən yoluna davam et. Bu at ya bir dost, ya bir musiqi, ya bir şeir, ya bir gül, ya da bir körpənin təbəssümü ola bilər”.
Ağac atınız əskik olmasın!

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top