
İran və ABŞ arasında anlaşma memorandumunun mətni onun əsas bəndləri üzrə razılaşdırılıb.
Yeniavaz.com Press TV-yə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Diplomatın sözlərinə görə, mətnin əsas məqamları demək olar ki, razılaşdırılıb.
“Problem ondadır ki, ABŞ-nin ziddiyyətli mövqeyi həmişə bu prosesdə qarışıqlığa səbəb olub”, - Bəqai qeyd edib.
Bəqai həmçinin qeyd edib ki, Tehran danışıqlara xoş niyyətlə və tam məsuliyyətlə girib, lakin Vaşinqtonun mövqeyi dəfələrlə dəyişib, yeni, qeyri-real tələblər irəli sürülüb və hücumlar həyata keçirilib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media hesabında cümə axşamı günü İrana planlaşdırılan hava hücumlarını ləğv etdiyini açıqlayıb. Ağ Ev rəhbəri bu qərarı İran liderləri ilə müzakirələrdən sonra verdiyini qeyd edib.
Elə həmin gün Tramp İranla sülh müqaviləsinin yekun bəndlərinin razılaşdırıldığını elan edib. O, bunların danışıqlar prosesində iştirak edən bütün tərəflər, o cümlədən ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə tərəfindən təsdiqləndiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz