Nərə kürüsünü xaricə 1 690 manata satıb xaricdən 18 manata əvəzedicisini alırıq


Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 990 kiloqram nərə balığı kürüsü və 12 min 520 kiloqram balıq kürüsü əvəzedicisi idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, bu dövrdə xarici ölkələrə 560 kiloqram nərə balığı kürüsü ixrac etmişik.
İdxal olunan nərə balığı kürüsünün 1 kiloqramının gömrük dəyəri 310 dollar (527 manat), balıq kürüsü əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 10,6 dollar (18 manat) olub.
İxrac etdiyimiz nərə balığı kürüsünün 1 kiloqramının gömrük dəyəri isə 992 dollar (1 687 manat) təşkil edib.
Xaricdən gətirilən nərə balığı kürüsünün əsas hissəsi Çinin payına düşüb. Çindən 1 940 kiloqram nərə balığı kürüsü gətirilib. ABŞ-dən isə cəmi 40 kiloqram nərə balığı kürüsü idxal olunub.
Xaricə satdığımız nərə balığı kürüsü aşağıdakı ölkələrə ixrac edilib:
Rusiya – 170 kiloqram
Birləşmiş Ərəb Əmirlikləri – 150 kiloqram
ABŞ – 90 kiloqram
Niderland – 50 kiloqram
Gürcüstan – 40 kiloqram
Yaponiya – 20 kiloqram
Kanada – 10 kiloqram
Avstraliya – 10 kiloqram
İtaliya – 10 kiloqram


İdxal olunan balıq kürüsü əvəzediciləri isə Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran və Yaponiyadan gətirilib. Balıq kürüsü əvəzediciləri ən çox Belarusdan idxal edilib. Bu ölkədən 3 ay ərzində 10 min 880 kiloqram balıq kürüsü əvəzedicisi gətirilib və 1 kiloqramının gömrük dəyəri 7 dollar (12 manat) olub.
Məlumat üçün bildirək ki, balıq kürüsü əvəzediciləri əsasən yosun, jelatin və müxtəlif qida əlavələrindən hazırlanır. Bu məhsullar görünüş və dad baxımından təbii kürüyə bənzədilmək məqsədi daşıyır. Veqan alternativlərdə dəniz yosunu ekstraktından istifadə olunur. Bəzi imitasiya məhsulları isə ucuz balıq növlərinin yumurtalarının rəngləndirilməsi ilə əldə edilir. İstehsal zamanı məhsula xüsusi dad və qoxu vermək üçün dəniz aromaları əlavə olunur. Müasir texnologiyalar sayəsində kürüyə bənzər kiçik kürəciklər xüsusi jel üsulları ilə hazırlanır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top