Rusiya Ermənistandan balıq idxalını dayandırdı – İran və Türkiyəyə yönəldi


Rusiya Ermənistandan diri balıq idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda alternativ tədarük mənbələrini genişləndirərək İran və Türkiyədən balıq idxalını artırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) rəhbəri Sergey Dankvert TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskva Ermənistanla bağlı məhdudiyyətlərin yaratdığı boşluğu doldurmaq üçün paralel şəkildə digər ölkələrdən tədarük kanallarını açıb. Xüsusilə alabalıq idxalı sahəsində diqqət İran və Türkiyə bazarlarına yönəlib.
“Biz məhdudiyyətlər tətbiq etməli olduğumuzu anlayırdıq. Bunu tarazlaşdırmaq üçün eyni zamanda digər ölkələrdən tədarükləri açırdıq. Məsələn, alabalıq tədarükü baxımından İran və Türkiyəyə keçdik. Nə qədər çox təchizatçımız olsa, işləmək bir o qədər asan olar”, – Dankvert qeyd edib.
Məlumata görə, “Rosselxoznadzor”un qərarı əsasında iyunun 2-dən etibarən Ermənistandan Rusiyaya göndərilən diri balıq və balıq məhsulları üzrə baytarlıq sertifikatlaşdırılması dayandırılıb. Mayın 21–27-də Rusiya mütəxəssisləri Ermənistanda balıq emalı müəssisələrində və alabalıq təsərrüfatlarında yoxlamalar aparıb. Bildirilir ki, müəssisələrin təxminən yarısı yoxlamalardan imtina edib.
Rusiya tərəfi yoxlamadan uğurla keçən iki müəssisə istisna olmaqla, digər Ermənistan şirkətləri üçün Rusiyaya diri balıq və balıq məhsullarının ixracına dair baytarlıq sertifikatlarının verilməsinin dayandırılmasını istəyib. Məhdudiyyətlərin vəziyyət tam aydınlaşana qədər qüvvədə qalacağı bildirilib.
Balıq məhsulları ilə yanaşı, “Rosselxoznadzor” Ermənistandan tərəvəz, meyvə, bostan məhsulları, üzüm, toxum və quru meyvələrin idxalına da qadağalar tətbiq edib. Bunun fonunda Ermənistan hökuməti fermerlərə Rusiyaya ixrac edilə bilməyən zədələnmiş məhsullara görə kompensasiya veriləcəyini açıqlayıb.
Analitiklər hesab edir ki, Moskva ilə İrəvan arasında ticarət münasibətlərində yaranan gərginlik Ermənistanın xarici siyasi kursu ilə bağlı fikir ayrılıqları fonunda baş verir.

DİGƏR XƏBƏRLƏR

Top