“Nazirliyin təmayül tədris modeli “qaş düzəldən yerdə göz çıxaracaq” – Allahverdi Aydın


2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş və hədəfli tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Bu çərçivədə xüsusi tədris planlarının hazırlanması, ali təhsil müəssisələrinə qəbul tələblərinə uyğun olaraq fənlər üzrə dərinləşdirilmiş proqramların təşkili həyata keçirilir.
MÜTDA-dan bildirilib ki, əldə edilən müsbət nəticələr nəzərə alınaraq, bu model üzrə fəaliyyət göstərən məktəblərin şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi və 100 məktəbə çatdırılması məqsədəuyğun hesab olunur.

“Yeni sistem nazirliyinin öz reputasiyasını qorumaq cəhdidir”
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən tanınmış araşdırmaçı Allahverdi Aydın bildirib ki, yeni təmayül tədris modeli Elm və Təhsil Nazirliyinin öz reputasiyasını qorumaq cəhdidir:
“Artıq hamıya birmənalı şəkildə aydındır ki, ali məktəblərə qəbul olmaq üçün məktəbin verdiyi təhsil kifayət deyil, mütləq hazırlıq kurslarına və ya repetitor yanına getmək lazımdır. Əslində yeni sistemə keçid həm də məktəblərin öz funksiyasını tam yerinə yetirmədiyi barədə etiraf kimi qəbul olunmalıdır. Nazirlik açıqlama verib ki, müsbət nəticələr əldə edilib. Burada yeganə və ölçüləbilən nəticə ali məktəblərə qəbul ballarıdır. Amma nazirlik bu nəticələri ictimaiyyətə açıqlamır. Məsələn, indiyə kimi yeni təmayül tədris modelinə keçən məktəblərin şagirdləri ali məktəblərə qəbulda neçə bal toplayıblar? Ümumiyyətlə, ölkə üzrə ən yüksək nəticə göstərən şagirdlərin neçə faizi bu məktəblərdə oxuyan şagirdlər olub? Əgər ortada bu nəticələr yoxdursa, müsbət nəticələrdən danışmaq söz yığınından başqa bir şey deyil”.

“Yeni sistem məktəblər arasında keyfiyyət fərqini daha da dərinləşdirəcək”
Ekspert bildirir ki, yeni modelin əsas məqsədi repetitor sisteminin təsirini azaltmaqdan ibarətdir:
“Nazirlik hesab edir ki, məktəb şagirdi qəbul imtahanına yaxşı hazırlasa, dövlət məktəblərinə inam yenidən artacaq. Lakin nəzərə almaq lazımdır ki, yeni sistem məktəblər arasında keyfiyyət fərqini daha da dərinləşdirəcək. Yeni təmayül tədris modelinə keçməyən məktəblər – hansı ki məktəblərin böyük əksəriyyətinin bu modelə keçməsi mümkün deyil – çətin vəziyyətdə qalacaq. Çünki praktikada bütün məktəblərin eyni səviyyədə təmayül təhsili verməsi real görünmür. Güclü müəllim bazası, laboratoriyalar, əlavə tədris resursları və təşkilati imkanlar əsasən müəyyən məktəblərdə cəmlənə bilər. Belə olan halda bəzi məktəblər qısa müddətdə “prestijli təmayül məktəbləri” statusu qazanacaq, digərləri isə arxa planda qalacaq.
Belə bir şəraitdə yeni modelə keçməyən məktəblərdə təhsilin keyfiyyəti kəskin şəkildə aşağı düşəcək. Nəticədə ölkədə çox az sayda “güclü məktəblər” və çoxlu sayda “zəif məktəblər” yaranacaq”.

Allahverdi Aydın

“Bu bərabər şərtlər altında təhsil alma prinsipinə uyğun deyil”
Allahverdi Aydın bildirir ki, yeni təmayül tədris modeli zamanla ciddi hüquqi nəticələr yarada bilər:
“Hüquqşünaslar bu məsələyə münasibət bildirsələr, daha yaxşı olar. Amma ilk baxışdan görünən odur ki, yeni təmayül tədris modeli Azərbaycan Konstitusiyasının 42-ci maddəsinin və “Təhsil haqqında” Qanunun 3-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil edir. Konstitusiyada birmənalı şəkildə qeyd olunur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət minimum təhsil standartlarını təmin etməlidir. Eyni zamanda, “Təhsil haqqında” Qanunda açıq şəkildə göstərilir ki, dövlət bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaratmalıdır. Hesab edirəm ki, yeni təmayül tədris modeli şagirdlərin bərabər şərtlər əsasında təhsil alma imkanlarını məhdudlaşdırır. Məsələn, şagirdin yaşadığı ərazidə belə məktəb yoxdursa, bu onun təhsil alma imkanlarını məhdudlaşdıracaq. Qəbul imtahanlarında yüksək nəticə göstərən müəllimlər bu məktəblərə cəlb olunacaqsa, o zaman zəif nəticə göstərən müəllimlər digər məktəblərə yönləndiriləcək ki, bu da bərabər şərtlər altında təhsil alma prinsipinə uyğun deyil”.

“Riyaziyyat nəticəsi zəif olan şagird niyə tarix yönümlü təhsil imkanından məhrum olmalıdır?”
Ekspert bildirir ki, burada ən ciddi problemlərdən biri təmayül məktəblərinə şagird seçiminin meyarlarıdır:
“Nazirlik şagirdin hansı təmayülə uyğun olduğunu ölçmək istəyir, amma onu həmin təmayülə aid olmayan fənlərlə qiymətləndirir. Bildirilir ki, məktəbə qəbul 9-cu sinif buraxılış imtahanının nəticəsinə əsasən həyata keçirilir. Məlumdur ki, bu imtahan əsasən Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə aparılır. Belə olan halda sistem şagirdin real potensialını qiymətləndirə bilməyəcək. Məsələn, III qrup (hüquq, tarix, beynəlxalq münasibətlər, jurnalistika və s.) istiqamətində inkişaf etmək istəyən bir şagird tarixdən çox güclüdür, analitik düşünür, mətn analizi yaxşıdır, ictimai elmlərə meyllidir, amma riyaziyyatdan zəifdir. Mövcud sistemə görə, yəni buraxılış nəticəsinə əsasən həmin şagird yaxşı təmayül məktəbində oxuya bilməyəcək. Burada məntiqli sual yaranır: riyaziyyat nəticəsi zəif olan şagird niyə tarix yönümlü təhsil imkanından məhrum olmalıdır? Gördüyünüz kimi, bu cür ölçmə meyarlarında ciddi problem var. Mövcud sistem “Şagird hansı sahədə yaxşıdır?” sualını yox, “Şagird ümumi standart testdə neçə bal topladı?” sualını əsas götürür.
Eyni problem tibb istiqamətində də yarana bilər. Təsəvvür edin ki, bir şagird biologiyanı çox yaxşı bilir, kimyada güclüdür və gələcəkdə həkim olmaq istəyir. Amma 9-cu sinif buraxılış imtahanında Azərbaycan dili və ya ingilis dilindən zəif nəticə göstərib. Nəticədə təbiət elmləri yönümlü məktəbə qəbul ola bilmir.
Belə olan halda sistem gələcəyin həkimini onu həkim edən əsas qabiliyyətlərə görə yox, başqa meyarlarla kənarda qoya bilər.
Əgər məqsəd təmayülləşmədirsə, qəbul meyarı da təmayülə uyğun olmalıdır. Məsələn, humanitar təmayül üçün tarix, məntiq, mətn analizi və Azərbaycan dili daha yüksək çəkiyə malik ola bilər.
Tibb və təbiət elmləri üçün biologiya, kimya və riyaziyyat əsas indikator ola bilər. Əks halda sistem şagirdi istedadına görə yox, standart imtahana uyğunluğuna görə yerləşdirəcək”.

“Repetitorluğu azaltmaq üçün yaradılan sistem repetitorluğu daha erkən yaşlara çəkə bilər”
Allahverdi Aydın hesab edir ki, belə olan halda yeni təmayül modelinin repetitorluğu azaltmaq məqsədi əks nəticə verə bilər:
“Valideynlər övladlarını təmayül məktəbinə yerləşdirə bilmək üçün 9-cu sinif buraxılış imtahanlarına hazırlıqlara və repetitor yanına qoyacaq. Nəticədə repetitorluq universitet qəbulundan çıxıb 9-cu sinfə enmiş olacaq. Repetitorluğu azaltmaq üçün yaradılan sistem repetitorluğu daha erkən yaşlara çəkə bilər. Yəni nazirliyin yeni sistemində qəbul meyarları düzgün qurulmazsa, sistem “qaş düzəldən yerdə göz çıxarmaq” effekti yarada bilər”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top