
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri Ermənistanın ödənilməmiş məcburi üzvlük haqları ilə əlaqədar təşkilatın nizamnamə müddəalarının tətbiqi imkanlarını müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Ermənistan iki ildən çoxdur ki, təşkilata borcludur. Buna görə də, Lavrov Ermənistanın borclarına görə KTMT-dən çıxarılmasının mümkünlüyünü açıqlayıb. Lavrov qeyd edib ki, bu vəziyyət KTMT Nizamnaməsində nəzərdə tutulub. Bu baxımdan, görüş iştirakçıları sənədin müvafiq maddəsinin aktivləşdirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər.
Nazir əlavə edib ki, Ermənistanın borcu məsələsi KTMT ölkələrinin xarici işlər idarələri rəhbərlərinin görüşündə müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı ölkənin KTMT-yə qayıtmayacağını və lazım gələrsə, oradan çıxmaq qərarı verəcəyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz