
Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan Mixail Lomtadze İngiltərənin “Wycombe Wanderers” futbol klubundakı payını azaldıb.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, saziş nəticəsində Lomtadzenin klubdakı payı 90%-dən 80%-ə endirilib. Satdığı 10%-lik pay isə klubun sədri və direktoru Den Rays tərəfindən satın alınıb.
Klubun açıqlamasında bildirilib ki, müqavilə direktorlar şurası və müvafiq tənzimləyici orqanlar tərəfindən təsdiqlənib. Bununla da, “Wycombe Wanderers”in mülkiyyət strukturu belə formalaşıb: “Feliciana EFL Limited” – 80%, “Wycombe Wanderers Supporters Trust” – 10%, Dan Rays – 10%.
Xatırladaq ki, Mixail Lomtadze 2024-cü ilin may ayında “Wycombe Wanderers” şirkətinin nəzarət səhm paketinin sahibi olub. Həmin vaxt “Wycombe Wanderers” şirkətinin 90%-nə sahib olan “Feliciana EFL Limited” üzərində nəzarət “Feliciana EFL MMC”dən Lomtadzenin “Blue Ocean Partners II Limited” şirkətinə keçib.
Eyni dövrdə Lomtadze, Eduard Vişnyakov və Den Rays ilə birlikdə klubun direktorlar şurasının üzvü olub.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 51 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.
Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu “Digital Classifieds” MMC (VÖEN – 1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.
“Forbes” jurnalının məlumatına görə, Mixeil Lomtadze hazırda 6 milyard dollarlıq sərvətə sahibdir və Gürcüstanın ən varlı adamı hesab olunur. O, həmçinin 2024-cü il “Forbes Kazakhstan” reytinqində Qazaxıstanın ən nüfuzlu 50 iş adamı arasında 6-cı yeri tutub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz