“Belə xəstəni növbəti günə qədər gözlətmək onu əlilliyə və ya ölümə tərk etməkdir”


“Kəskin insult (beyin qan dövranı pozğunluğu) şübhəsi olan bir xəstəni Sabunçu Tibb Mərkəzinə hospitalizasiya etdim. Xəstəxanadakı növbətçi həkim bizə “xəstəni o biri korpusa aparın, Beyin MRT-si etdirin” dedi. Müayinə olundu və bildirildi ki, “MRT cavabını oxuyan mütəxəssis hazırda yoxdur, sabah səhər saat 10-da gələcək...”
Yeniavaz.com
xəbər verir ki, bunu təcili yardım həkimi Pərvanə Fəttullayeva öz sosial media hesabında yazıb.
O bunu xəta adlandırıb və ötən müddətin xəstənin ölümünə və ya əlil olmasına gətirib çıxara biləcəyini bildirib:
“​İnsult zamanı hər dəqiqədə 1,9 milyon beyin hüceyrəsi (neyron) ölür və həyat qurtarmaq üçün cəmi 4,5 saatlıq bir “terapevtik pəncərə” var. Xəstəni növbəti günün səhərinə qədər gözlətmək onu birbaşa əlilliyə və ya ölümə tərk etmək deməkdir.

​Bəs doğrusu nədir? (Beynəlxalq Protokol nə deyir?)
Amerika Ürək və İnsult Assosiasiyasının (AHA/ASA) rəsmi təlimatına əsasən, kəskin insult şübhəsi olan xəstə xəstəxanaya girən andan etibarən ilk addım olaraq MRT yox, Kontrastsız Beyin KT-si (Kompüter Tomoqrafiyası) olunmalıdır!

​Niyə KT?
Sürət: KT müayinəsi cəmi 2-3 dəqiqə çəkir, MRT isə 25-30 dəqiqə (kəskin xəstə üçün bu böyük vaxtdır).
Məqsəd: İlk dəqiqələrdə məqsəd beyindəki zədənin böyüklüyünü görmək yox, xəstəyə tromb əridici müalicə vermək üçün əks-göstəriş olan qanaxmanı (Hemorragiyanı) istisna etməkdir. KT qanaxmanı təyin etmək üçün qızıl standartdır.
Mütəxəssis asılılığı yoxdur: KT-də qanaxmanı təcili yardım həkimi və ya növbətçi həkim də xüsusi radioloq olmadan dərhal görə bilir. MRT-ni oxumaq isə mütəxəssis tələb edir (və bizim keysdəki kimi xəstə ortada qalır).
​“MRT etdirin, cavab sabah çıxacaq” yanaşması həm tibbi, həm də hüquqi baxımdan böyük bir xətadır. Tibb müəssisələrində daxili insult alqoritmləri mütləq yenilənməlidir. Xəstəxanaya gələn insult xəstəsi birbaşa və təcili olaraq KT-yə yönləndirilməlidir!” – P. Fətullayeva bildirib.

DİGƏR XƏBƏRLƏR

Top