ABŞ turistlərə 750 dollarlıq “sürətli keçid” təklif edir


ABŞ Dövlət Departamenti xarici turistlər və işgüzar səfər edənlər üçün viza müraciəti prosesində yeni, pullu sürətləndirilmiş xidmət tətbiq etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, yeni mexanizm vasitəsilə müraciətçilər əlavə ödəniş edərək viza müsahibəsi üçün daha erkən tarix əldə edə biləcəklər.
ABŞ Federal Reyestrində dərc olunan sənədə əsasən, altı aylıq pilot proqram 1 iyul tarixində başlayacaq. Proqram çərçivəsində B1/B2 turist və işgüzar vizalarına müraciət edən xarici vətəndaşlar standart prosedurdan yan keçərək müsahibə növbəsini sürətləndirmək üçün əlavə 750 dollar ödəyə biləcəklər.
Lakin bu xidmət vizanın təsdiqlənməsinə zəmanət vermir. Ödəniş yalnız sürətləndirilmiş müsahibə tarixinin əldə olunmasına imkan yaradır.
Yeni xidmət mövcud 185 dollarlıq standart viza rüsumuna əlavə tətbiq ediləcək və ilkin mərhələdə yalnız müəyyən ABŞ səfirlikləri və konsulluqlarında məhdud sayda əlçatan olacaq.
Qaydalara əsasən, sürətli müsahibə vaxtı ayrıldıqdan sonra müraciətçinin ödənişi tamamlamaq üçün cəmi 5–10 dəqiqə vaxtı olacaq. Bu müddət ərzində 750 dollarlıq məbləğ ödənilməzsə, rezervasiya avtomatik ləğv ediləcək və vaxt digər ərizəçilərə təqdim olunacaq.
Dövlət Departamenti bildirir ki, bəzi ölkələrdə ABŞ vizası müsahibəsi üçün gözləmə müddəti bir ildən çoxdur. Bu səbəbdən xüsusilə təcili və qısamüddətli səfər planlaşdıran şəxslər üçün yeni xidmət alternativ seçim kimi təqdim edilir.
Pilot proqramın 1 iyul–31 dekabr tarixlərini əhatə edəcəyi gözlənilir. ABŞ tərəfi bu müddətdə təxminən 25,7 min müraciət qəbul etməyi və proqramdan 19,3 milyon dollar gəlir əldə etməyi planlaşdırır.
Yeni təşəbbüs ABŞ Prezidenti Donald Trump administrasiyasının turizm və immiqrasiya siyasətində sərtləşmə fonunda gündəmə gəlib. 2025-ci ildən etibarən xarici vətəndaşlar üçün bir sıra yeni tələblər tətbiq olunub.
Bundan əvvəl isə ABŞ müəyyən ölkələrin vətəndaşlarından viza müddətinin pozulmasının qarşısını almaq məqsədilə 15 min dollara qədər maliyyə təminatı tələb edə biləcəyini açıqlamışdı. Daha sonra bu tələbin 50 ölkəyə şamil edildiyi bildirilib.
Həmçinin, 2025-ci ilin sentyabrından etibarən ABŞ turist vizası üçün müraciət edən şəxslərdən sənədlərini yaşadıqları ölkədəki ABŞ səfirliyinə təqdim etmələri və daimi yaşayış statuslarını təsdiqləmələri tələb olunur ki, bu da müraciət prosesini daha mürəkkəb edir.

DİGƏR XƏBƏRLƏR

Top