
27 Avropa İttifaqı (Aİ) ölkəsinin daimi nümayəndələri iyunun 10-da Rusiya əleyhinə 21-ci sanksiya paketi ilə bağlı müzakirələrə başlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Aİ-nin Daimi Nümayəndələr Komitəsinin gündəliyində öz əksini tapıb.
10 iyun iclasının gündəliyindəki əsas məsələlərdən biri də Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərdir.
Sanksiyaların əsasən Rusiyanın enerji ixracatını, həmçinin bank sistemini hədəf alacağı gözlənilir. Belə ki, yeni sanksiyalar Rusiya banklarını və kriptovalyuta şəbəkələrini kütləvi şəkildə bloklamaqla yanaşı, neft treyderlərini və neft emalı zavodlarını da hədəf almağı planlaşdırır.
Yeni paket 170 fiziki və hüquqi şəxsin qara siyahıya salınmasını təklif edir. Bunlara 90 bank daxildir ki, bu da siyahının ən böyük genişlənməsidir.
Əgər sanksliyalar paketi qəbul olunsa, bu, beynəlxalq müxbir münasibətləri olan 213 Rusiya kredit təşkilatının yarısından çoxuna məhdudiyyətlər qoyacaq. Maliyyə qurumları aktivlərin dondurulması və əməliyyat qadağaları da daxil olmaqla, Aİ-nin sanksiyalarına məruz qalacaqlar.
Qeyd edək ki, iyunun 9-da Avropa Komissiyası 21-ci sanksiya paketinin layihəsini təqdim edib. Sanksiyaların 15 iyun tarixində Lüksemburqda keçiriləcək Aİ nazirləri görüşündə müzakirəsi nəzərdə tutulur. Sanksiyaların qəbul edilməsi üçün Birliyin bütün üzv dövlətlərinin yekdil razılığı tələb olunur.
Tətbiqimizi yükləyə bilərsiniz