
Qlobal bazarlarda qızıl və gümüş qiymətləri çərşənbə axşamı kəskin enişlə diqqət çəkib.
Yeniavaz.com xəbər verir ki, hər iki qiymətli metal son ayların ən aşağı səviyyəsinə geriləyib.
Analitiklər bunu İran ətrafında davam edən geosiyasi qeyri-müəyyənlik, inflyasiya riskləri və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı gözləntilərlə əlaqələndirirlər.
Gümüşün qiyməti bir gün ərzində 4 faizdən çox ucuzlaşaraq unsiya başına 65,78 dollara düşüb. Qiymət qısa müddət ərzində 64,46 dollara qədər geriləyib. Qızıl isə gündəlik minimum olaraq 4259,90 dollara endikdən sonra təxminən 2 faiz ucuzlaşaraq unsiyası 4292 dollar səviyyəsində qərarlaşıb.
İyun ayı qiymətli metallar üçün xüsusilə çətin keçib. Ayın əvvəlindən bəri gümüş 13 faizdən çox dəyər itirib, qızıl isə təxminən 6 faiz ucuzlaşıb. Sonuncu dəfə qızıl və gümüş bu səviyyələrdə mart ayının sonunda ticarət olunub. Bundan əvvəl isə bazarda belə aşağı qiymətlər dekabr ayından bəri müşahidə edilib.
Ekspertlər xüsusilə gümüş bazarındakı enişə diqqət çəkirlər. Yanvarda rekord səviyyələrə yaxınlaşan gümüş hazırda həmin zirvədən, demək olar ki, yarıbayarı geriləyib. O dövrdə gümüşün qiyməti unsiya üçün 120 dollara yaxınlaşıb, qızıl isə 5600 dollar ətrafında ticarət olunub.
Analitiklərin fikrincə, bazarda satış təzyiqinin əsas səbəbləri İran ətrafında davam edən gərginlikdir. Bazar iştirakçılarının diqqəti indi ABŞ-də may ayı üzrə açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib. Analitiklər hesab edirlər ki, inflyasiya proqnozlardan yüksək olarsa, qızıl və gümüş qiymətlərində eniş daha da sürətlənə bilər.
Son həftələrdəki kəskin enişlərə baxmayaraq, qızıl və gümüş qiymətləri ötən ilin göstəricilərindən hələ də yüksəkdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz