
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə açıq məktub dərc etməklə məqsədinə çatdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna prezidenti bunu Baltikyanı ölkələrin liderləri ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Məktubu Putinə göndərəndə bir məqsədim var idi. Düşünürəm ki, lazım olan nəticəni əldə etdim”, - Ukrayna prezidenti bildirib.
O, hələlik əldə etdiyi dəqiq nəticəni açıqlaya bilmədiyini aydınlaşdırıb, lakin əlavə edib ki, bu məktubla Ukraynanın müttəfiqlərinə kimin sülhə hazır olduğunu, kimin hazır olmadığını göstərmək istəyib.
Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb. Bu məktubu şərh edən Ukrayna prezidenti fərqli məqsədləri olduğunu izah edib:
“Məsələn, ABŞ-yə müraciət edərkən, onların diqqətini Yaxın Şərqdən Ukraynadakı vəziyyətə bir az da olsa yönəltmək üçün əlimdən gələni etmək istədim”.
Xatırladaq ki, iyunun 4-ü Volodimir Zelenski Vladimir Putinə açıq məktub dərc edib və orada müharibəyə “birbaşa dialoq” və şəxsi görüş yolu ilə son qoymağı təklif edib. Rusiya prezidenti ertəsi gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı cavab verdi. Putin Zelenskinin məktubunda “kobudluq elementləri” olduğunu bildirdi. O, heç vaxt görüşlərdən imtina etmədiyini və Ukrayna prezidentini Moskvaya dəvət etdi. Putin cavabını Rusiya hərbçilərinə müraciətlə yekunlaşdırdı: “Qardaşlar, işləməyə davam edin”.
Tətbiqimizi yükləyə bilərsiniz