
Son illər dünyada baş verən müharibələr göstərir ki, müasir döyüş meydanında ən təhlükəli vasitələrdən biri FPV (“First Person View”) dronlarıdır.
Yeniavaz.com xəbər verir ki, xüsusilə də Ukrayna-Rusiya müharibəsində bu kiçik, sürətli və yüksək manevr qabiliyyətinə malik pilotsuz aparatların həm fərdi əsgərlərə, həm də hərbi texnikaya qarşı geniş şəkildə istifadə edildiyi müşahidə olunur.
Partlayıcı daşıya bilən və operator tərəfindən birbaşa idarə olunan FPV dronları qısa müddətdə döyüş meydanının əsas təhlükələrindən birinə çevrilib. Kiçik ölçüləri, yüksək sürəti və hədəfə dəqiq yönəlmə imkanları onları xüsusilə ölümcül edir.
Bəs müasir döyüş meydanının yeni reallığına çevrilən FPV dronlarından qorunmaq üçün hansı üsullar tövsiyə olunur?
Məlumat üçün bildirək ki, artıq bir çox ölkənin ordularında dron təhlükəsinə qarşı xüsusi təlimatlar, yaddaş kitabçaları və vizual broşürlər hazırlanır. Avstraliya ordusunun rəsmi analiz platforması olan “The Cove” tərəfindən yayımlanan “Düşmən dronlarından necə qorunmalı?” adlı təlimat da hazırda Ukraynada hərbi tədris materialları arasında istifadə olunur.
Bundan əlavə, ABŞ Ordusunun Piyada Korpusu (“US Army Infantry”) FPV dronlarının yaratdığı riskləri analiz edərək daxili təlim proqramlarına fərdi REB (elektron mübarizə) vasitələrinin daşınması və anti-dron taktikasını daxil edib.
Mütəxəssislərin tövsiyələri və müxtəlif orduların təcrübəsi əsasında FPV dronlarından qorunmağın ən effektiv üsullarını təqdim edirik:
Siqnal boğucular:
FPV dronlarına qarşı ən effektiv müdafiə vasitələrindən biri fərdi və ya mobil elektron mübarizə (REB) cihazları hesab olunur. Bu sistemlər dronun idarəetmə tezliyini pozaraq onun operatorla əlaqəsini kəsə və idarəolunmaz vəziyyətə düşməsinə səbəb ola bilər.
Detektorlar:
Xüsusi tezlik skanerləri və ya detektorlar səmada dronun mövcudluğunu əvvəlcədən müəyyən etməyə kömək edir. Bu isə hərbçilərə gizlənmək və ya mövqe dəyişmək üçün əlavə vaxt qazandıra bilər.
Anti-dron torları:
Səngərlərin, sığınacaqların və hərbi texnikaların üzərinə quraşdırılan xüsusi metal və ya möhkəm neylon torlar dronun birbaşa hədəfə çatmasının qarşısını ala bilər. Bu halda dron əsas obyektə toxunmadan əvvəl partlaya bilər.
Zirehli qəfəslər:
Hərbi texnikaların üzərinə quraşdırılan metal konstruksiyalar bəzi hallarda “manqal” adlandırılan qəfəslər dronun birbaşa korpusa zərbə endirməsinin qarşısını almaq məqsədi daşıyır.
Termal maskalanma:
Bir çox FPV dronu termal (istilik) kameralarla təchiz olunduğundan, bədən istiliyini gizlədən xüsusi örtüklər və maskalanma vasitələri əlavə üstünlük yarada bilər.
Düzgün sığınacaq seçimi:
Açıq ərazilər dron hücumlarına qarşı daha riskli hesab olunur. Hərbi təlimatlarda dron təhlükəsi hiss edildikdə beton sığınacaqlara, sıx meşəlik ərazilərə və ya yeraltı tunellərə çəkilməyin daha təhlükəsiz olduğu vurğulanır.
Kiçik qruplarla hərəkət:
Mütəxəssislərin fikrincə, piyadaların böyük dəstələr şəklində deyil, daha kiçik qruplarla (2–3 nəfər) hərəkəti daha məqsədəuyğun sayılır. Böyük qruplar dron operatorları üçün daha asan görünən hədəfə çevrilə bilər.
Daimi müşahidə:
Hərəkət zamanı qrup üzvlərindən ən azı bir nəfərin daim hava məkanını müşahidə etməsi və ətraf səsləri izləməsi təhlükənin erkən müəyyən edilməsinə kömək edə bilər.
Yaxın məsafədən atəş:
FPV dronlarının sürətli və manevrli olması onları avtomat silahla vurmağı çətinləşdirir. Lakin dron yaxın məsafəyə daxil olduqda qırma tüfəngləri (ov tüfəngləri) ilə açılan atəşin pərləri zədələmək baxımından daha effektiv olduğu bildirilir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz