
Böyük Britaniyada Ricents Park ərazisindəki “Holms” malikanəsi təxminən 190 milyon funt sterlinqə (254 milyon dollara) satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilə yaxın həftələrdə yekunlaşdırıla bilər.
Bildirilir ki, 40 yataq otağı olan bu malikanə 2024-cü ildə 139 milyon funt sterlinqə alınıb.
1818-ci ildə tikilən, ümumi sahəsi 2700 kvadratmetr, ümumi ərazisi isə 4 akr (1,62 hektar) olan “Holms” malikanəsi daha əvvəl Səudiyyə Ərəbistanının kral ailəsinə məxsus olub. Malikanədə 40 yataq otağı ilə yanaşı, kitabxana, tennis kortu, səkkiz qaraj, sauna və s. yerləşir.
Əgər qiymət məqalədə göstərilən qiymətlə eyni olarsa, bu əməliyyat Britaniya daşınmaz əmlak bazarı tarixində üçüncü ən böyük əməliyyat olacaq. Belə ki, bu sahədə rekord bu ilin aprel ayında 275 milyon funt sterlinqə satılan Londonun Çelsi şəhərindəki “Providens Haus” malikanəsinə aiddir. Böyük Britaniyanın ən bahalı evləri siyahısında ikinci yeri isə 2020-ci ildə Çinin “Evergrande” şirkətinin rəhbəri Syu Tszyan tərəfindən 210 milyon funt sterlinqə alınan Hayd Parka baxan elit “Naytsbric” malikanəsi tutur.
Tətbiqimizi yükləyə bilərsiniz