"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

"12 strateji yol xəritəsindən biri “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Bu Xəritənin 2 versiyası dərc olunub: biri 98, digəri 100 səhifədən ibarətdir". Yeniavaz.com xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, bu xəritə daha konkretdir: "Düzdür, bu xəritə də əsasən xoş arzular (“inkişaf etdirəcəyik”, “dəstəkləyəcəyik”, “stimullaşdıracağıq” və s.) və icrası yolları bəlli olmayan istəklərdən ibarətdir. Amma hər halda görülməli olan işlərin istiqamətləri aydın, təfərrüatlı və ağlabatandır: sağlamlıq turizmi, dağ və qış turizmi, idman turizmi, işgüzar turizm, çimərlik turizmi, ekoloji turizm, ov turizmi və s. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün məlumatın, reklamın (o cümlədən İnternetdə), tarixi və mədəni abidələrdən istifadənin rolu düzgün qiymətləndirilir. Əlbəttə, bu, ilk növbədə turizmin inkişafı yollarının açıq-aşkar olması ilə də bağlıdır. Həm də hələ 2010-cu ildə Prezident “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişadına dair Dövlət Proqramı”nı təsdiqləyib və bu sahədə müəyyən nailiyyətlərimiz artıq var: belə ki, 2016-cı ildə ölkəyə turist axını artıb. Elə mövcud təcrübədən çıxış edərək də xəritə hədəfə aldığı ölkələrdə realistdir: əsasən MDB, Türkiyə və Fars körfəzi regionu ölkələri. Bununla belə, xəritə təvazökarcasına zəif tərəflərimizin hələ də güclü tərəflərimizdən çox olduğunu etiraf edir. Ümumiyyətlə, sənəddə özünütənqid var. Belə ki, məsələn, imkanlarımızın daha geniş olmasına baxmayaraq, Gürcüstanın bizi turizm sahəsində xeyli geridə qoyduğu xəritədə etiraf olunur".
Onun dediyinə görə, xəritənin ən məyusedici məqamı mehmanxana və mehmanxanatipli müəssisələrdə yerləşən turistlərimizin belə yerləşmə olmadan ölkəmizə gələnlərin sayından az qala iki dəfə az olmasıdır: "Belə ki, 2015-ci ildə müvafiq olaraq 0,5 mln. və 0,8 mln. turist olub. 2020-ci ildə birincilərin sayını 0,9 mln.-a, ikincilərin sayını isə 1,5 mln.-a çatdırmaq planlaşdırılır. Böyük ehtimalla mehmanxanada yerləşməyən turistlər əsasən xaricdə yaşayan soydaşlarımızdır ki, Vətənə gələndə qohumlarıgildə qalırlar. Onların sayının artacağı ehtimalı isə real görünmür. Düşünürəm ki, əksinə, mehmanxanalarda və mehmanxanatipli müəssisələrdə yerləşən turistlərin sayının artırılmasına daha çox diqqət ayırmaq lazımdır. Gəlirlilik nöqteyi-nəzərindən də bu vacibdir. Həm də daha real görünür. Sadəcə xeyli səy tələb edir".

Ekspert bildirib ki, xəritədə ötən yayda Bakıda keçirilmiş “Formula 1 Grand Prix” yarışması ilə bağlı maraqlı etiraf var: "Belə ki, deyilir: “F1 yarışlarında da ev sahibliyi edən ölkələr daha çox xarici turistlərin gəlməsinə, onların qalma müddətlərinin artırılmasına və həmin turistlərin iri mehmanxana və cəlbedici məkanlarda, habelə yerli biznes obyektlərində yüksək vəsait xərcləməsinə nail olmaq istiqamətində bir çox addımlar atır. Bunun nəticəsidir ki, 2011-ci ildə F1 yarışlarına ev sahibliyi etmiş şəhərlər 40-220 milyon ABŞ dolları arasında mənfəət əldə etmişdir. 2011-ci ildə F1 yarışlarına ev sahibliyi etmiş Bəhreyn və Monako şəhərlərinin hər biri müvafiq olaraq 220 və 90 milyon ABŞ dolları məbləğində mənfəət əldə etmişdir. Bakı da bu beynəlxalq təcrübədən istifadə edərək F1 yarışları zamanı, yarışlardan bir qədər əvvəl və sonra müxtəlif tədbirlər təşkil etməklə mənfəətliliyi artıra bilər”. Deməli, belə çıxır ki, ötən il biz bu fürsəti əldən vermişik? Niyə? Digər xəritələrdən fərqli olaraq, bu sahədə yalnız bir əlavə qurumun yaradılması nəzərdə tutulur: Milli Turizm Təbliğat Bürosu. Bu da xəritənin icrası baxımdan adekvatdır. Lakin, təbii, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm də sahibkarlığın inkişafından asılıdır. Xəritədə deyilir ki, yeni turizm obyektləri yaranacaq. Kim yaradacaq? Təbii, sahibkarlar. Amma mövcud institusional və hüquqi mühitdə sahibkarlar bunu etməyəcək, çünki onlarda əminlik, inam və etimad yoxdur. Başqa sözlə, əsas məsələ yenə də səmərəli institutların yaradılmasıdır. Məsələn, xəritədə deyilir ki, Sahibkarlığa Kömək Milli Fondunun turizm sektoruna ayıracağı maliyyə vəsaitlərinə dair tədbirlər planı hazırlanacaq. İstəyir lap min belə plan hazırla, həmin vəsaitləri şəffaf və ədalətli müsabiqə yolu ilə həqiqətən də güzəştli və sərfəli şərtlərlə almaq mümkün deyilsə, planın xeyri olmayacaq. Sadəcə kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək.
Nəhayət, xəritədə deyilir ki, viza rəsmiləşirilməsi və sərhəd keçidi prosedurları sadələşdiriləcək və sürətləndiriləcək. Bu barədə artıq nə qədər deyilib. Çoxdan etmək lazım idi. Bunun üçün ən tezi 2020-ci ildə ilk nəticələri verəcək xəritəyə ehtiyac yox idi.
Bu xəritənin icrasına 350 mln. manat vəsait tələb olunur. Digər xəritələrlə müqayisədə, həm də turizmin əhəmiyyəti və inkişafının reallığını nəzərə alaraq, normal məbləğdir. Əlbəttə, təyinatı üzrə xərclənsə"...

DİGƏR XƏBƏRLƏR

Top