Övladlığa götürdükləri “12 yaşlı qız” 37 yaşında çıxdı – Fotolar


Braziliyanın Santa Katarina ştatında 37 yaşlı qadın özünü 12 yaşlı yeniyetmə kimi təqdim edərək saxtakarlıq etdiyi üçün polis tərəfindən həbs edilib.
Yeniavaz.com
CNN Brasil-ə istinadən xəbər verir ki, “Qabriele” adı ilə tanınan qadın uzun müddət müxtəlif sosial mühitlərdə uşaq kimliyi yaradaraq insanların etibarını qazanıb.
Məlumata görə, qadın əvvəlcə kilsəyə daxil olub, orada özünü bioloji ailəsi tərəfindən zorakılığa məruz qalmış yeniyetmə kimi təqdim edib. Daha sonra yerli bir pastor vasitəsilə bir ailə ilə tanış olub və həmin ailənin evində yaşamağa başlayıb. Təxminən 14 ay ərzində o, ailə tərəfindən övlad kimi qəbul edilib.
Qeyd olunur ki, şübhəli bu müddət ərzində özünü uşaq kimi aparıb. Belə ki, körpə şüşəsi və əmzikdən istifadə edib, otağını isə tamamilə uşaq dekorasiyası ilə bəzəyib. Ailə onun iddialarına inanaraq rəsmi övladlığa götürmə prosedurlarına belə başlamaq istəyib.
Hadisə ailənin qohumlarından birinin qadının davranışlarından şübhələnərək polisə müraciət etməsindən sonra üzə çıxıb. Hüquq-mühafizə orqanları keçirilən əməliyyat zamanı qadını saxlayıb.
Dindirilmə zamanı o, özünü azyaşlı kimi təqdim etdiyini etiraf edib və məhkəmə qərarı ilə həbs olunub.
Araşdırmalar zamanı məlum olub ki, qadın Braziliyanın San-Paulu, Rio-de-Janeyro və Minas-Jerays da daxil olmaqla, ən azı beş ştatında oxşar üsullarla insanları aldadıb.





DİGƏR XƏBƏRLƏR

Top