Qərar verməyə tələsməyin!


Bəzən tərəflər həyat yoldaşları ilə bağlı müəyyən inamsızlıqlar yaşayırlar. Ancaq bu məsələdə tarazlıq pozulduqda, bu, çox vaxt qarşı tərəfdə etirazlara səbəb olur. Nəticədə, tərəflər arasında tez-tez bu səpkidə suallar eşidilməyə başlayır. Təbii ki, tərəflərin bir-birilərinə bu cür suallar verməsi o qədər də təhlükəli deyil. Ancaq suallar mütəmadi olduqda, tərəflərdə bir növ skeptisizm hissləri (şübhə xəstəliyidir) baş qaldırır.
Xüsusilə də, burada qarşılıqlı ünsiyyətdə yol verilən səhvlər çox böyük rol oynayır. Həyat yoldaşının inamını itirdiyini düşünən tərəf tədricən gərginlik yaşamağa başlayır və bu gərginliyi bu və ya başqa şəkildə büruzə verir. Çox vaxt bu sualların yerini müəyyən məhdudiyyətlər də tutur. Məhz bu mərhələdə etirazlar başlayır və bu etirazlar ailədə yeni-yeni münaqişələrin əsasını qoyur. Bu cür münasibətlər təkcə kişilərdə yox, qadınlarda da özünü göstərir. Və bütün hallarda nəticə ürəkaçan olmur. Üstəlik, ailədə sevgi və hörmət də aradan qalxır.
Ona görə də, tərəflər qarşı tərəfə sual verərkən və ya münasibət bildirərkən diqqətli olmalıdırlar. Əgər hər hansı bir problem varsa, bir-birilərinə qarşı məhdudiyyətlər icad etməməli, əksinə həyat yoldaşlarının istəklərinə hörmətlə yanaşmalıdırlar. Bu məsələdə həyat yoldaşınızı tək qoymaq istəmirsinizsə, onunla bir yerdə olmalı və ya müxtəlif alternativlər təklif etməlisiniz. Ancaq bu halda siz həyat yoldaşınızı həm tək qoymamış, həm də ona qarşı olan etimadınızı qorumuş olarsınız.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top